“Böyük Qayıdışın sürətləndirilməsi təməl insan hüquqlarının təmininə xidmət edir“ - MİLLƏT VƏKİLİ
“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər dövlətin postmünaqişə dövründəki daxili və xarici siyasət prioritetlərinin konstitusion-siyasi institut platformasından yenidən təsbit edilməsidir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, siyasi-hüquqi müstəvidə bu bəyanat 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində bərpa olunmuş suverenliyin ardınca dövlətin daxili suverenliyini sosial-iqtisadi baxımdan tam təmin etməsi mərhələsidir:
”İqtidar partiyasının ali orqanı önündə belə bir hədəfin qoyulması Böyük Qayıdışın yalnız icra hakimiyyətinin texniki fəaliyyəti kimi deyil, eyni zamanda hakim siyasi qüvvənin institusional platforması və dövlət ideologiyasının əsas istiqaməti kimi müəyyən olunduğunu göstərir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsi tapşırığı hüquqi baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət, təhlükəsiz yaşamaq və azad hərəkət etmək kimi təməl insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyinin praktiki müstəviyə keçirilməsidir. Uzun illər ərzində məcburi köçkün statusunda olan vətəndaşların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması Konstitusiyanın 12-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquqlarının təmin olunması kimi ali məqsədinə tam cavab verir.
Siyasi-strateji aspektdən yanaşdıqda isə bərpa və qayıdış prosesinin sürətlənməsi bölgədə geosiyasi reallıqların sarsılmazlığını hüquqi və demoqrafik baxımdan möhkəmləndirir. İşğaldan azad olunmuş ərazilərdə demoqrafik balansın Azərbaycan vətəndaşlarının xeyrinə sürətlə bərpası, mülki infrastrukturun qurulması və iqtisadi zonalara inteqrasiya bölgədə sülhün və sabitliyin geri dönməz xarakter almasını təmin edir. Eyni zamanda bu prioritet dövlətin daxili siyasi legitimliyini gücləndirir, milli həmrəylik ideyasının, Azərbaycançılıq ideologiyasının praktiki təcəssümünə çevrilir.
Milli iqtisadi və inzibati-hüquqi müstəvidə isə bu mərhələ dövlət büdcəsinin, kapital qoyuluşlarının və investisiya layihələrinin yeni hədəflərə uyğunlaşdırılmasını tələb edir. Keçmiş məcburi köçkünlərin təkcə mənzillərlə təmin olunması deyil, onların iş yerləri, sosial təminat və müasir xidmətlərə çıxış imkanları ilə əhatə olunması postkonflikt bərpa modelinin beynəlxalq hüquq standartlarına tam uyğun surətdə həyata keçirildiyini nümayiş etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB