Azərbaycanda avtobus marşrutlarının bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.
Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 567 nömrəli şəhərətrafı, eləcə də Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat şəhərlərarası və İkinci Nügədi - Heydər Əliyev prospekti (Quba) avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
Qobu qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 567 nömrəli şəhərətrafı avtobus marşrutu üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC, Bakı–Sınıq Körpü marşrutları üzrə fiziki şəxslər Abbasov Eyvaz Abbas oğlu və Əmiraslanov Orxan Nadir oğlu, Bakı–Zaqatala marşrutu üzrə fiziki şəxs Bilalov Bəxtiyar Bilal oğlu, Bakı–Qusar və Bakı–Quba marşrutları üzrə hüquqi şəxs "ALIOSMAN AĞASOY" MMC, Bakı–Xudat marşrutu üzrə hüquqi şəxs "Logistics And Transport Services" MMC, İkinci Nügədi–Heydər Əliyev prospekti (Quba) marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB