"44 günlük müharibə Cənubi Qafqazın siyasi və təhlükəsizlik mühitini dəyişdirdi" - DEPUTAT
"44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə Cənubi Qafqaz regionunda uzun illər ərzində formalaşmış hərbi-siyasi nizamı kökündən dəyişərək yeni geosiyasi reallıqlar yaratdı. Bu Zəfərin əldə olunması təsadüfi xarakter daşımayıb, illər boyunca həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxdı".
Bu fikirləri SİA-ya aşıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Zəfəri təmin edən amillər sırasında hərbi üstünlük xüsusi yer tutur: "Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara uyğun yenidən qurulması, arsenalın ən son texnologiyalar, o cümlədən pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli raket sistemləri ilə zənginləşdirilməsi döyüş əməliyyatlarının gedişində həlledici rol oynadı. Bununla yanaşı, mürəkkəb dağlıq relyefdə operativ qərarların verilməsi və xüsusi təyinatlı qüvvələrin nümayiş etdirdiyi yüksək döyüş hazırlığı Azərbaycan ordusunun taktiki üstünlüyünü təmin etdi.
Siyasi müstəvidə isə Ali Baş Komandanın qətiyyətli liderliyi, cəmiyyətin bütün təbəqələrinin nümayiş etdirdiyi milli həmrəylik və ölkənin malik olduğu iqtisadi müstəqillik hərbi uğurların arxasında duran əsas dayaqlardan idi. Müharibə dövründə dövlət başçısının xarici media subyektlərinə verdiyi saysız-hesabsız müsahibələr beynəlxalq ictimaiyyətin dürüst məlumatlandırılmasında və dezinformasiya hücumlarının dəf edilməsində mühüm informasiya cəbhəsi rolunu oynadı. Diplomatik sahədə atılan addımlar da qələbənin hüquqi və siyasi zəminini formalaşdırdı. Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində illər boyu apardığı ardıcıl işlər BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin və beynəlxalq hüququn ölkəmizin ərazi bütövlüyünü tanıyan prinsiplərinin hüquqi bünövrəsini möhkəmləndirdi.
Bu müharibə Cənubi Qafqazda siyasi qüvvələr nisbətini də köklü şəkildə dəyişdi. Otuz ilə yaxın davam edən işğal faktına və mövcud status-kvoya son qoyulması ilə Azərbaycan regionun əsas geosiyasi aktoru və təhlükəsizlik sisteminin mərkəzi bəndinə çevrildi. Münaqişənin həlli ilə regional kommunikasiyaların və nəqliyyat marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin açılması imkanları gündəmə gəldi ki, bu da Cənubi Qafqazın Beynəlxalq tranzit xəritəsindəki dəyərini artırdı.
Kamran Bayramov əlavə olaraq onu da qeyd etdi ki, Zəfərimizin ən böyük strateji əhəmiyyəti onun birbaşa Azərbaycan dövlətçiliyinin suverenliyini, təhlükəsizliyini və gələcəyini tam təmin etməsindədir. 44 günlük Vətən müharibəsi ölkəmizin müstəqil dövlət quruculuğu modelinin nə qədər sarsılmaz və dayanıqlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Ən başlıcası, bu qələbə ilə dövlətimizin öz sərhədləri daxilində suveren hüquqları tam bərpa olundu və hüquqi müstəvidə vahid idarəetmə mexanizmi ölkənin hər bir guşəsində təsbit edildi. Xarici təzyiqlərə, ikili standartlara və mürəkkəb geosiyasi şəraitə baxmayaraq, milli maraqların hər şeydən üstün tutulması Azərbaycanın müstəqil qərarqəbuletmə iradəsini və siyasi müstəqilliyini bir daha təsdiqlədi.
Eyni zamanda, dövlət təsisatları ilə cəmiyyətin bir yumruq kimi birləşməsi milli dövlətçilik şüurunu daha da möhkəmləndirərək xalqın öz dövlətinə olan inamını zirvəyə qaldırdı. Bu gün işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən nəhəng bərpa və quruculuq işləri də məhz müasir Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, təşkilatçılıq qabiliyyətinin və öz vətəndaşının yanında durmaq imkanlarının ən aydın təcəssümünə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB