"İnam,güvən və etibar cəmiyyətin inkişafının əsas şərtlərindən biridir" - SOSİOLOQ
"Son onilliklərdə cəmiyyət həyatında və sosial münasibətlərdə yeni transformasiyaların, dəyişikliklərin və meyillərin şahidi oluruq. Bu transformasiyalar həm müsbət, həm də mənfi nəticələri ilə diqqət çəkir".
Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.
.jpg)
Onun sözlərinə görə, sosioloji ədəbiyyata nəzər saldıqda cəmiyyətdə inam, etibar və etimad kimi anlayışları özündə birləşdirən sosial kapital məfhumuna rast gəlirik. Əslində, sosial kapital cəmiyyətin inkişafında mühüm amillərdən biridir:
"Son onilliklərdə Azərbaycanın müxtəlif şəhərlərində bu istiqamətdə aparılan sosioloji tədqiqatların nəticələri də mövcuddur. Əvvəlki tədqiqatların nəticələri ilə hazırkı müşahidələrimizi müqayisə etdikdə belə bir qənaətə gəlmək mümkündür ki, Azərbaycan cəmiyyətində fərdlərarası münasibətlərdə etimad səviyyəsi zəifləməyə doğru meyillənir. Başqa sözlə, insanlar əvvəlki illərlə müqayisədə bu gün bir-birlərinə, o cümlədən yaxın çevrələrinə və qonşularına münasibətdə daha ehtiyatlı davranırlar. Bu tendensiyanın müxtəlif səbəbləri ola bilər.
Cəmiyyət daxilində inam, etibar və güvən səviyyəsi nə qədər yüksək olarsa, onun bütün sferalarında müsbət meyillər bir o qədər güclü şəkildə özünü göstərər. Bu, insanların gündəlik münasibətlərindən tutmuş ictimai həyatın müxtəlif sahələrində əməkdaşlığa, qarşılıqlı yardımlaşmaya və həmrəyliyə qədər geniş bir sahəni əhatə edir. Deməli, sosial etimad cəmiyyətin sağlam inkişafı üçün mühüm dəyər və amildir.
Qeyd edim ki, Qərb sosiologiyasında, eləcə də postsovet məkanında sosial kapital və ictimai etimadla bağlı çoxsaylı elmi araşdırmalar aparılıb.
Digər tərəfdən, informasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal yeniliklərin gündəlik həyatımıza nüfuz etməsi insanlara bir çox imkanlar və rahatlıqlar yaradır. Lakin bu prosesin digər tərəfi də var. Belə ki, texnologiyaların geniş yayılması fərdiləşmə meyillərini gücləndirir. İnsanlar getdikcə daha çox öz telefonları ilə məşğul olur, müxtəlif ehtiyaclarını virtual məkanda qarşılamağa çalışır, hətta dostluq münasibətlərini belə rəqəmsal mühitdə qururlar. Nəticədə insanlar arasında canlı ünsiyyət zəifləyir, fərdiləşmə və tənhalıq kimi ciddi sosial problemlər meydana çıxır. Bu cür tendensiyalar dünyada olduğu kimi, ölkəmizdə də müşahidə olunur.
Yeri gəlmişkən, 2019-cu ildə nəşr olunan “İnteqrasiya problemi: fərd və cəmiyyət münasibətləri" kontekstində monoqrafiyamda “Azərbaycanda sosial kapital yarımfəsli" adı altında bu problemə toxunmuşam. Hətta azərbaycanın üç şəhərində Bakı, Xaçmaz və Masallı şəhərlərində aparılmış sosioloji tədqiqatların nəticələrinə istinad etmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB