"İçməli su saxlanılan qabların birbaşa günəş şüaları ilə təmasının qarşısı alınmalıdır" - EKSPERT

"İçməli su saxlanılan qabların birbaşa günəş şüaları ilə təmasının qarşısı alınmalıdır" - EKSPERT

"Suların dibində çöküntülərin yaranmasına səbəb olan bir sıra maddələr və təbii proseslər mövcuddur. Bununla yanaşı, fiziki çirklənmə baxımından insan amili və diqqətsizlik də bu prosesə təsir göstərə bilər".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, su qablarının dibində yaranan çöküntülərin əsas səbəblərindən biri suyun tərkibində kalsium və maqnezium kimi mineralların çox olmasıdır:

"Bu minerallar suyun sərtliyini artırır və xüsusilə su qaynadıldıqdan sonra həll olmayan mineral qalıqları şəklində çökür. Bu proses nəticəsində qabların dibində və divarlarında ərp əmələ gəlir. Bundan əlavə, borulardan suya qarışan pas, torpaq və digər xırda hissəciklər də çöküntülərin yaranmasına səbəb ola bilər.

Qazsız suların emalı zamanı isə təbii mənbələrdən götürülən sularda müəyyən mineral çöküntülər təbii şəkildə mövcud ola bilər. Lakin burada diqqət yetirilməli digər mühüm məqam suyun çirklənməsidir. Əgər çöküntü yalnız mineral mənşəli deyilsə, eyni zamanda suyun rəngində və qoxusunda dəyişiklik müşahidə olunursa, bu, suyun saxlandığı qabın təmiz olmamasına və ya su mənbəyinin çirklənməsinə işarə edə bilər.

Suyun qaynadılması onun tərkibindəki potensial xəstəliktörədici mikroorqanizmlərin məhv edilməsinə kömək edir. Lakin qaynatma mineral çöküntüləri və ərpi tamamilə aradan qaldırmır. Suda olan fiziki hissəciklərin və digər yad maddələrin təmizlənməsi üçün keyfiyyətli su filtrlərindən istifadə etmək məqsədəuyğundur.

Digər vacib məqam qablaşdırılmış su alarkən etiket məlumatları ilə tanış olmaqdır. İstehlakçılar suyun istehsal olunduğu yerə, qablaşdırılma tarixinə, saxlanma müddətinə və şəraitinə diqqət yetirməlidirlər. Həmçinin su qablarının birbaşa günəş şüaları ilə təmasının qarşısı alınmalıdır.

Mərkəzləşdirilmiş su təchizatı sistemindən və ya borular vasitəsilə ötürülən sudan istifadə zamanı da çöküntülərin yaranması mümkündür. Bu, təkcə suyun fiziki-kimyəvi xüsusiyyətlərinin və mineral tərkibinin dəyişməsi ilə deyil, həm də hidravlik sistemdəki boruların korroziyaya uğraması ilə əlaqədar ola bilər. Məsələn, borularda yaranan dəmir oksidləri suya qarışaraq onun rəngini və keyfiyyətini dəyişə bilər. Bu cür hallar suyun fiziki və kimyəvi çirklənmə göstəriciləri baxımından qiymətləndirilməlidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə