"Bu Zəfər Azərbaycan xalqının tarix qarşısında yazdığı ən şərəfli səhifələrdən biridir" - ŞƏRH

"Bu Zəfər Azərbaycan xalqının tarix qarşısında yazdığı ən şərəfli səhifələrdən biridir" - ŞƏRH

"Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi qələbənin deyil, milli iradənin, dövlət gücünün və tarixi ədalətin bərpasının rəmzinə çevrilmiş möhtəşəm bir gündür. Bu tarix xalqımızın onilliklər boyu daşıdığı ağrının, həsrətin və ədalətsizliyin qələbə ilə başa çatdığı günü ifadə edir. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Zəfər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu Zəfərin arxasında ilk növbədə Azərbaycan xalqının sarsılmaz birliyi, Ali Baş Komandanın siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır:

"Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs fədakarlığı, qazilərimizin qəhrəmanlığı bu qələbənin mənəvi təməlidir. Bu baxımdan Zəfər Günü hər bir azərbaycanlı üçün sadəcə təqvimdə qeyd olunan bayram deyil, Vətən qarşısında məsuliyyətimizi və şəhidlərimizin əmanətinə sədaqətimizi xatırladan müqəddəs bir gündür.

Zəfər bizə bir daha göstərdi ki, milli birlik və güclü dövlətçilik ən mürəkkəb tarixi sınaqların belə öhdəsindən gəlməyə imkan verir. Azərbaycan xalqı öz iradəsi, həmrəyliyi və dövlətinə olan inamı ilə tarix yazdı. Bu gün azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesi isə Zəfərin yalnız hərbi deyil, həm də qurucu mahiyyət daşıdığını nümayiş etdirir.

Ən böyük qürurumuz isə budur ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır, doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışı təmin olunur. Zəfərin mənası da məhz budur: Azərbaycan artıq yalnız öz tarixinin yaralarını sağaltmır, gələcəyini də qalib dövlət kimi qurur.

Zəfər Günü bizim üçün keçmişin qələbəsini qeyd etməkdən daha böyük məna daşıyır. Bu gün milli qürurun, dövlətçilik əzminin, şəhidlərimizin müqəddəs xatirəsinin və Azərbaycanın gələcəyə inamının təntənəsidir. Bu Zəfər Azərbaycan xalqının tarix qarşısında yazdığı ən şərəfli səhifələrdən biridir və bu səhifə gələcək nəsillərə qürurla ötürüləcək".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə