“Hüquqi yardımda əsas meyar vətəndaşın maddi vəziyyəti olmalıdır“ - FAZİL MUSTAFA

“Hüquqi yardımda əsas meyar vətəndaşın maddi vəziyyəti olmalıdır“ - FAZİL MUSTAFA

“Bir sıra ölkələrdə özəl biznesin gəlirləri yüksək olduğundan dövlət büdcəsinə daxil olan vergilər hesabına müxtəlif sosial xidmətlər maliyyələşdirilir. Eyni zamanda, bələdiyyələr geniş səlahiyyətlərə və maliyyə imkanlarına malik olur, əldə etdikləri gəlirlər hesabına əhaliyə əlavə sosial dəstək göstərə bilirlər. Məsələn, bəzi şəhərlərdə təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə hüququ verilir”.

SİA xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin növbəti plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın özünəməxsus xüsusiyyətləri nəzərə alınmalı, qəbul ediləcək qanun insanların həqiqətən keyfiyyətli hüquqi xidmət almasına imkan yaratmalıdır. Vəkillər Kollegiyası tərəfindən humanist aksiyalar həyata keçirilir, vəkillərin sayının artması isə bu sahədə mövcud problemlərin müəyyən qədər azalmasına səbəb olub. Müxtəlif sosial təbəqələrə, o cümlədən regionlarda yaşayan insanlara hüquqi yardım göstərilməsi istiqamətində də işlər görülür.

Deputat bildirib ki, dövlət büdcəsi hesabına hüquqi yardımın göstərilməsi vacibdir və bu təşəbbüsü dəstəkləyir. Lakin əsas sual belə xidmətin həqiqətən ehtiyacı olan bütün insanları əhatə edib-etməyəcəyidir. Onun fikrincə, burada yalnız sosial kateqoriyalar üzrə deyil, insanların real maddi imkanları əsasında meyar müəyyənləşdirilməlidir.

F.Mustafa minimum əməkhaqqını əsas meyar kimi götürməyi təklif edib. Hazırda minimum əməkhaqqının 400 manat olduğunu xatırladan deputat hesab edir ki, aylıq gəliri bu məbləğdən aşağı olan vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi daha məqsədəuyğun olardı. Çünki şəhid ailəsi və ya müharibə veteranı statusu daşıyan hər kəsin maddi vəziyyəti eyni deyil. Elə insanlar var ki, sosial təminat ala bilmir, ailəsinə cəmi 100-200 manat gəlir daxil olur və onların hüquqi yardıma daha çox ehtiyacı var.

O vurğulayıb ki, qanunun tətbiqində əsas diqqət həqiqətən ehtiyacı olan insanların müəyyənləşdirilməsinə yönəldilməlidir. Bu, həm hüquqi yardımın ünvanlılığını təmin edər, həm də dövlətin maliyyə yükünü azaldar.

Deputat ilkin hüquqi yardım ilə peşəkar hüquqi xidmət arasında dəqiq fərqin müəyyənləşdirilməsini də təklif edib. Onun fikrincə, qanun daha çox ilkin hüquqi yardımın göstərilməsinə istiqamətlənməlidir. Belə ki, əvvəllər nümayəndəlik hüququndan istifadə edən, hüquqi təhsili olan yaxınlarının köməyi ilə məhkəməyə müraciət edə bilən şəxslər indi xidmətlərin ödənişli və bahalı olması səbəbindən hüquqlarını müdafiə etməkdən çəkinə bilirlər.

F.Mustafa hesab edir ki, bu kateqoriyadan olan insanların hüquqlarının qorunması üçün qanunvericilikdə uyğun mexanizmlər yaradılmalıdır. Layihədə nəzərdə tutulan pro bono fəaliyyəti də vəkillərin üzərinə həm mənəvi, həm də maddi məsuliyyət qoyur. Belə ki, vəkillər müəyyən edilmiş həcmdə ödənişsiz hüquqi yardım göstərməli, bu öhdəliyi yerinə yetirmədikləri halda isə qanunla nəzərdə tutulan maliyyə məsuliyyəti ilə üzləşə bilərlər.

Deputatın qənaətinə görə, pulsuz hüquqi yardım mexanizminin keyfiyyətli və səmərəli olması üçün bu xidmətdən kimlərin yararlanacağının meyarları dəqiq müəyyənləşdirilməlidir. Minimum əməkhaqqı əsasında ehtiyac meyarının tətbiqi daha məqsədəuyğun ola bilər. Eyni zamanda, hüquqi təhsili olan şəxslərin yaxınlarına ilkin hüquqi yardım göstərməsinə şərait yaradılmalı, dövlət büdcəsindən vəsait isə zəruri hallarda peşəkar hüquqi xidmətlərin maliyyələşdirilməsinə yönəldilməlidir.

O, həmçinin hüquqi yardım üçün ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb. Bununla daha keyfiyyətli xidmət göstərilməsi və hüquqi yardıma ehtiyacı olan şəxslərin hüquqlarının daha etibarlı müdafiəsi mümkün olacaq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə