Tələbələrin ödənişli təcrübə proqramlarına cəlb edilməsi əmək bazarında hansı dəyişiklikləri yarada bilər? - ARAŞDIRMA
Universitet tələbələrinin təhsil aldıqları müddətdə əmək bazarına cəlb olunması, xüsusilə ödənişli təcrübə proqramlarının genişləndirilməsi gənclərin məşğulluq imkanlarının artırılması baxımından mühüm addımlardan biri hesab olunur. Bu yanaşma tələbələrə yalnız nəzəri biliklərini praktikada tətbiq etmək deyil, həm də universiteti bitirmədən peşəkar təcrübə toplamaq, gəlir əldə etmək və gələcək karyeralarını formalaşdırmaq imkanı yarada bilər.
SİA mövzu ilə bağlı araşdırma edib.
Ənənəvi yanaşmada tələbələr əsasən təhsillərini başa vurduqdan sonra iş axtarmağa başlayırlar. Lakin bu zaman onların qarşılaşdığı əsas problemlərdən biri işəgötürənlərin təcrübə tələbi olur. Belə ki, ali təhsil diplomuna malik olmasına baxmayaraq, iş təcrübəsi olmayan məzunların əmək bazarına daxil olması çətinləşir. Ödənişli təcrübə proqramları isə bu boşluğun aradan qaldırılmasına kömək edə bilər.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmalarında da ödənişli təcrübə proqramlarının gənclərin sonrakı məşğulluq perspektivlərinə müsbət təsir göstərə bildiyi qeyd olunur. Araşdırmaya əsasən, ödənişli təcrübə keçən gənclərin sonradan iş tapmaq ehtimalı ödənişsiz təcrübə keçənlərlə müqayisədə daha yüksəkdir. Bununla yanaşı, proqram çərçivəsində mentor dəstəyinin göstərilməsi, normal iş şəraitinin yaradılması və tələbənin real peşə bacarıqları əldə etməsi mühüm amillər hesab olunur.
Belə proqramların genişləndirilməsi işəgötürənlər üçün də müəyyən üstünlüklər yarada bilər. Şirkətlər tələbələri hələ universitetdə oxuduqları müddətdə tanımaq, onların bilik və bacarıqlarını qiymətləndirmək, gələcəkdə öz kadr ehtiyaclarına uyğun mütəxəssislər yetişdirmək imkanı əldə edərlər. Bu, xüsusilə müəyyən sahələrdə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına töhfə verə bilər.
Digər tərəfdən, ödənişli təcrübə proqramları tələbələrin sosial vəziyyətinə də təsir göstərə bilər. Təhsil haqqı, nəqliyyat, gündəlik xərclər və digər ehtiyaclarını qarşılamaq üçün işləmək məcburiyyətində qalan tələbələr həm gəlir əldə edə, həm də ixtisasları üzrə təcrübə toplaya bilərlər. Bu, onların təsadüfi və ixtisaslarına uyğun olmayan işlərdə çalışmaqdansa, gələcək peşələrinə daha erkən istiqamətlənməsinə şərait yaradar.
Ancaq burada vacib məqam təcrübə proqramlarının formal işçi qüvvəsindən istifadəyə çevrilməməsidir. Bəzi müəssisələr tələbələrə təcrübə adı altında daimi işçilərin yerinə yetirməli olduğu tapşırıqları həvalə edə, lakin bunun qarşılığında adekvat ödəniş və peşəkar inkişaf imkanı təqdim etməyə bilərlər. Beynəlxalq Əmək Təşkilatı da təcrübə proqramlarında gənclərin ucuz və ya ödənişsiz işçi qüvvəsi kimi istifadəsinin qarşısının alınmasının vacibliyini vurğulayır.
Buna görə də ödənişli təcrübə proqramlarında əməkhaqqının və iş saatlarının əvvəlcədən müəyyənləşdirilməsi, tələbənin konkret öyrənmə hədəflərinin olması, ona mentor təyin edilməsi və proqramın sonunda əldə etdiyi bacarıqların qiymətləndirilməsi vacibdir. Təcrübəçinin müəssisədə gördüyü iş real əmək fəaliyyəti ilə yanaşı, onun peşəkar inkişafına da xidmət etməlidir.
Azərbaycanda bu istiqamətdə müəyyən hüquqi və institusional mexanizmlər artıq mövcuddur. Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 489 nömrəli qərarı ilə təsdiqlənən və 2024-cü il sentyabrın 15-dən tətbiq edilən qaydalara əsasən, tələbənin təhsil aldığı müddətdə ixtisası üzrə əmək fəaliyyəti müəyyən şərtlərlə təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər həftəsi 1,5 kreditə bərabər tutulur. Qaydalarda təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik minimum 20 saatlıq müddət də nəzərdə tutulur.
Bu mexanizm tələbənin artıq işlədiyi sahədə qazandığı təcrübənin akademik baxımdan da nəzərə alınmasına imkan verir. Bununla belə, ödənişli təcrübə proqramlarının daha geniş yayılması üçün universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi, müəssisələrin belə proqramlarda iştirakının stimullaşdırılması və tələbələrin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır.
İşləyən tələbələr üçün universitetlərdə fərdi tədris qrafikinin tətbiqi necə təşkil oluna bilər?
Tələbələrin təhsil aldıqları müddətdə işləməsi universitetlər qarşısında yeni təşkilati məsələlər də yaradır. Xüsusilə tam iş günü çalışan, yaxud dərslərdən sonra əmək fəaliyyəti ilə məşğul olan tələbələr üçün mövcud dərs cədvəlinə uyğunlaşmaq hər zaman mümkün olmur. Nəticədə bəzi tələbələr iş və təhsil arasında seçim etmək məcburiyyətində qalır, bəziləri isə hər iki öhdəliyi paralel şəkildə yerinə yetirməkdə çətinlik çəkirlər.
Bu baxımdan universitetlərdə işləyən tələbələr üçün fərdi tədris qrafikinin tətbiqi təhsilin əlçatanlığını artıran mexanizmlərdən biri ola bilər. Burada əsas məqsəd tələbəni dərslərdən azad etmək deyil, onun akademik öhdəliklərini qorumaqla iş saatlarına uyğun daha çevik təhsil imkanları yaratmaqdır.
Məsələn, gündüz saatlarında çalışan tələbələr üçün dərslərin müəyyən hissəsinin axşam saatlarında təşkil edilməsi, uyğun fənlərin onlayn formada keçirilməsi, alternativ qruplara qoşulmaq imkanının yaradılması və fərdi qiymətləndirmə qrafikinin müəyyənləşdirilməsi mümkündür. Eyni zamanda, universitetlər tələbənin iş qrafikini nəzərə alaraq dərs yükünü semestrlər üzrə bölüşdürə bilərlər.
Azərbaycanda fərdi tədris planı anlayışı yeni deyil. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına əsasən, hər bir tələbənin fərdi tədris planı olmalı və tələbə həmin planın hazırlanmasında iştirak etməlidir. Fənlərin seçilməsi zamanı akademik məsləhətçinin, yəni tyutorun köməyindən istifadə etmək də mümkündür.
Həmin qaydalarda ödənişli əsaslarla əyani təhsil alan tələbələr üçün tam cəlbolunma (fulltime) və qismən cəlbolunma (parttime) imkanları da nəzərdə tutulur. Qismən cəlbolunma formasında təhsil alan tələbənin illik təhsil haqqı götürdüyü fənlərin kreditləri əsasında müəyyənləşdirilir. Bu isə təhsil yükünün tələbənin imkanlarına uyğunlaşdırılması baxımından əhəmiyyətli mexanizmdir.
Bununla yanaşı, fərdi tədris planının mövcudluğu bütün işləyən tələbələrin avtomatik olaraq fərdi dərs cədvəli əldə etməsi demək deyil. Belə bir imkanın daha geniş tətbiqi üçün universitetlərin daxili qaydalarında işləyən tələbələrə dair ayrıca mexanizmlərin müəyyənləşdirilməsi vacibdir.
Məsələn, tələbə universitetə rəsmi əmək müqaviləsini və ya iş qrafikini təqdim etməklə fərdi tədris qrafiki üçün müraciət edə bilər. Universitet müraciəti qiymətləndirərək tələbənin hansı fənlərdə iştirak edə biləcəyini, hansı dərslərin alternativ vaxtlarda təşkilinin mümkünlüyünü müəyyənləşdirə bilər. Bu prosesdə tələbənin akademik göstəriciləri, seçdiyi ixtisasın xüsusiyyətləri və dərslərin praktiki xarakteri də nəzərə alınmalıdır.
Digər mühüm məsələ universitetlərdə çevik tədris imkanlarının rəqəmsallaşdırılmasıdır. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində 2025-ci ilin oktyabrında fərdi tədris planlarının hazırlanması, təsdiqi və dərs yükünün idarə edilməsini avtomatlaşdıran rəqəmsal modulun pilot tətbiqinə başlanılıb. Bu sistem tələbələrə fənn seçimini elektron formada həyata keçirmək, akademik planlaşdırmanı isə mərkəzləşdirilmiş qaydada idarə etmək imkanı yaradır. Belə texnoloji həllər gələcəkdə işləyən tələbələrin tədris qrafikinin daha çevik təşkilinə də kömək edə bilər.
Lakin fərdi qrafik tətbiq edilərkən təhsilin keyfiyyətinin aşağı düşməməsi əsas şərt olmalıdır. Xüsusilə tibb, mühəndislik, pedaqogika və laboratoriya məşğələlərinin üstünlük təşkil etdiyi digər ixtisaslarda praktiki dərslərin sadəcə onlayn materiallarla əvəzlənməsi düzgün yanaşma olmaz. Belə hallarda tələbəyə alternativ məşğələ vaxtları təklif edilməli, praktiki hazırlıq və qiymətləndirmə tələbləri saxlanılmalıdır.
Fərdi tədris qrafiki yalnız işləyən tələbələr üçün deyil, eyni zamanda təhsil və ailə öhdəliklərini paralel şəkildə yerinə yetirən, sağlamlıq və digər üzrlü səbəblərdən standart dərs cədvəlinə uyğunlaşmaqda çətinlik çəkən tələbələr üçün də faydalı ola bilər.
Nəticə etibarilə, ödənişli təcrübə proqramlarının genişləndirilməsi ilə universitetlərdə fərdi tədris qrafikinin tətbiqi bir-birini tamamlayan iki istiqamətdir. Bir tərəfdən tələbələrə əmək bazarına daha erkən daxil olmaq, maddi müstəqillik qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradılır. Digər tərəfdən isə onların işləməsi səbəbindən təhsildən geri qalmasının qarşısını almaq mümkün olur. Əsas məsələ universitet, tələbə və işəgötürən arasında elə bir əməkdaşlıq modelinin qurulmasıdır ki, tələbə nə təhsilindən, nə də peşəkar inkişaf imkanlarından imtina etməli olsun.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB