Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına fiziki qayıdışı demək deyil - ŞƏRH EDİLDİ

Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına fiziki qayıdışı demək deyil - ŞƏRH EDİLDİ

Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına fiziki qayıdışı demək deyil. Bu, ilk növbədə, həmin ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi, insanların yaşaması üçün ən yüksək səviyyədə infrastrukturun yaradılması deməkdir.

Bu sözləri SİA-ya deputat Azay Quliyev deyib.

O bildirib ki, buraya uşaq bağçaları, məktəblər, kitabxanalar, mədəniyyət evləri, səhiyyə müəssisələri, su təsərrüfatı sistemləri, yollar, körpülər, tunellər, elektrik stansiyaları, ən müasir tələblərə cavab verən yaşayış binaları, məşğulluq imkanları və bir çox digər yüksək maliyyə tutumlu layihələr daxildir. Bütün bunlara dini və mədəni abidələrin yenidən qurulmasını və ya təmirini də əlavə etsək, görülən işlərin miqyasını təsəvvür etmək çətin olmaz:

“Bütün bu işlər Qarabağda və Şərqi Zəngəzurda ən yüksək səviyyədə həyata keçirilir. Üstəlik, bu proses “yaşıl” şəhər və “yaşıl” kənd prinsipləri, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında reallaşdırılır.

Artıq 100 mindən çox soydaşımız bu ərazilərdə yaşayır, işləyir və təhsil alır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəxsi nəzarəti və diqqəti ilə yenidənqurma və bərpa işləri görünməmiş sürətlə həyata keçirilir. Bu prosesdə əsas prinsip vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdış hüququnun təmin edilməsidir.

Onu da qeyd etmək lazımdır ki, bütün bu işləri Azərbaycan dövləti təkbaşına, dövlət büdcəsi hesabına həyata keçirir. Bu məqsədlər üçün kənardan hər hansı bir maliyyə yardımı almırıq.

Əlbəttə, istərdik ki, bu prosesə xarici ölkələr, sərmayədarlar və böyük şirkətlər də cəlb olunsun. Bundan başqa beynəlxalq donor təşkilatlarının erməni işğalı nəticəsində dağıdılmış şəhər və kəndlərimizin bərpasında iştirak etməsi də çox məntilqi olardı. Ancaq təəssüf ki, hələlik bunu görmürük. Bir sıra dost ölkələrin ayrı-ayrı layihələrdə iştirakını istisna etməklə, digər xarici dövlətlərin dəstəyini hiss etmirik.

Sizi əmin edirəm ki, əgər belə bir vəziyyət Ermənistanın başına gətirilsəydi, bütün dünya bir araya gələrək öz hesabına Ermənistanın şəhər və kəndlərini yenidən qurardı, minalanmış ərazilərin təmizlənməsi üçün milyardlarla dollar vəsait ayırardı.

Bütün bu çətinliklərə baxmayaraq, dövlətimiz maksimum səy göstərir ki, doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün lazımi şərait yaradılsın, onların sosial problemləri həll edilsin və müvafiq işlə təmin olunmaları üçün imkanlar formalaşdırılsın.

İqtisadi baxımdan qarşıda duran əsas vəzifələrə gəldikdə isə, hesab edirəm ki, yeni məskunlaşan ərazilərdə özünüməşğulluq, kiçik və orta sahibkarlıq maksimum inkişaf etdirilməlidir. Bu ərazilərdə sosial və iqtisadi həyat o qədər maraqlı və cəlbedici olmalıdır ki, keçmiş məcburi köçkünlər, hətta həmin ərazilərlə birbaşa bağlılığı olmayan şəxslər belə, Bakıdan və Azərbaycanın digər rayonlarından gəlib burada yaşamaq və işləmək istəsinlər. Görülən işlərə obyektiv qiymət versək, görərik ki, hökumətin nail olmaq istədiyi əsas məqsədlərdən biri də məhz budur. Qarabağda və Şərqi Zəngəzurda açılan sənaye və istehsal müəssisələri, dövlət tərəfindən tətbiq edilən genişmiqyaslı və çoxşaxəli təşviq proqramları da məhz bu məqsədə xidmət edir. Əminəm ki, hər keçən il bu istiqamətdə daha böyük işlər görüləcək. Çünki ən çətin mərhələ olan infrastruktur layihələrinin böyük bir hissəsi artıq başa çatdırılıb. Bu isə imkan verəcək ki, bundan sonra Böyük Qayıdış prosesi daha da sürətlənsin.

Əsas məsələ ondan ibarətdir ki, artıq bu torpaqların sahibi özümüzük. Biz artıq qalib xalq kimi doğma torpaqlarımıza qələbəmizin ruhuna uyğun şəkildə qayıdırıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə