Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - ƏMLAK EKSPERTİ AÇIQLADI

Avropadakı kirayə qadağası Bakıda tətbiq oluna bilərmi? - ƏMLAK EKSPERTİ AÇIQLADI

Avropanın bəzi şəhərlərində mənzil bazarına təzyiqi azaltmaq və yerli sakinlərin mənzilə əlçatanlığını artırmaq məqsədilə qısamüddətli kirayələrə məhdudiyyətlərin tətbiqi müzakirə olunur. Son illər Bakıda da kirayə mənzil bazarında qiymət artımı və tələbatın yüksəlməsi müşahidə edilir. Xüsusilə söküntü və yenidənqurma layihələri nəticəsində çoxsaylı vətəndaşların müvəqqəti yaşayış yeri axtarması kirayə bazarına əlavə yük yaradır.

Bəs Avropa ölkələrinin qısamüddətli kirayələrlə bağlı təcrübəsinin Azərbaycanda, xüsusilə Bakıda tətbiqi nə dərəcədə məqsədəuyğundur? Belə məhdudiyyətlər kirayə qiymətlərinin tənzimlənməsinə kömək edə bilərmi?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda qısamüddətli kirayələrə məhdudiyyət qoyulmasına zərurət yoxdur:

"Ölkəmizdə kirayə mənzil bazarının əsas hissəsini uzunmüddətli kirayələr təşkil edir. 2018-ci ildən etibarən istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının, həyətlərin və kvartalların sökülməsi prosesi kirayə mənzillərə tələbatı artıran əsas amillərdəndir. Bu proses zamanı sökülən binalarda yaşayan sakinlərə tikinti şirkətləri tərəfindən müvəqqəti kirayə mənzillər təmin olunur. Yeni binanın inşası başa çatana və mənzillər sahiblərinə təhvil verilənədək kirayə xərclərini də şirkətlər qarşılayır. Nəzərə almaq lazımdır ki, bir binanın tikintisi təxminən 2,5-3 il çəkə bilər. Bu müddətdə həmin sakinlər kirayə mənzillərdə yaşamağa davam edirlər.

Bəzi mülkiyyətçilər isə yeni mənzil əvəzinə kompensasiya almağa üstünlük verirlər. Onlar da özlərinə yeni ev əldə edənədək müvəqqəti olaraq kirayə mənzillərdə məskunlaşırlar. Bu hallar paytaxtda kirayə mənzillərə tələbatı artırır.

Dövlət əhəmiyyətli layihələr də kirayə bazarına təsirsiz ötüşmür. Küçələrin genişləndirilməsi, yeni metro stansiyalarının və tramvay xətlərinin inşası, parkların salınması kimi layihələr çərçivəsində həyata keçirilən söküntülər nəticəsində mənzillərini itirən vətəndaşlar da yeni yaşayış yeri əldə edənədək kirayədə qalmağa məcbur olurlar.

Azərbaycanda qısamüddətli və uzunmüddətli kirayə bazarları bir-birindən fərqlənir. Onun fikrincə, günlük kirayələrdən istifadə edənlər əsasən turistlər və müvəqqəti ehtiyac səbəbindən Bakıya gələn şəxslərdir. Bunlara, həmçinin müalicə məqsədilə paytaxta üz tutan vətəndaşlar daxildir.

Azərbaycanda mənzil kirayələyənlərin böyük əksəriyyəti uzunmüddətli yaşayış üçün ev axtarır. Günlük kirayə mənzil təklif edən mülkiyyətçilərlə aylıq və uzunmüddətli kirayə verənlər, demək olar ki, ayrı-ayrı bazar seqmentlərində fəaliyyət göstərirlər. Uzunmüddətli kirayə vermək istəyən ev sahibi qısamüddətli qalmaq istəyən şəxsin müraciətini qəbul etməyə də bilər. Yəni bu iki istiqamət bir-birindən fərqlənir.

Kirayə bazarı əsasən tələb və təklif prinsipi əsasında tənzimlənir. Kirayə mənzillərə tələbat artdıqda qiymətlər yüksəlir, təklif çoxaldıqda isə ev sahibləri arasında rəqabət güclənir və bu, qiymətlərin aşağı düşməsinə şərait yaradır.

Bakıda kirayə qiymətlərinin son illərdə artmasını da məhz paytaxtda genişlənən söküntü və tikinti işləri, eləcə də bu proseslərin yaratdığı əlavə tələbatla əlaqələndirib. Avropanın bəzi şəhərlərində tətbiqi nəzərdən keçirilən qısamüddətli kirayə məhdudiyyətləri Azərbaycan reallığına uyğun deyil. Çünki ölkəmizdə uzunmüddətli kirayələr üstünlük təşkil edir və günlük kirayə bazarı ayrıca fəaliyyət göstərir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə