Bu gün Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilirsə, bunda Azərbaycanın prosesin hər mərhələsində ortaya qoyduğu fəal siyasətin mühüm rolu var
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanır. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Səkkizinci mövzusu “Türk Dövlətləri Təşkilatı – yeni qlobal güc mərkəzi: Azərbaycanın Orta Asiya ilə strateji əməkdaşlığından Türk dünyasının daha dərin birliyinə” adlanır. Bu mövzu çərçivəsində TDT-nin beynəlxalq mövqeyinin güclənməsi, regional təşkilatdan daha geniş geosiyasi platformaya çevrilməsi, Azərbaycanın təşəbbüsləri və diplomatik fəaliyyəti, Azərbaycan-Orta Asiya əlaqələri və iqtisadi inteqrasiya və s. bu kimi məqamlara toxunulur.
Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:
1.Türk Dövlətləri Təşkilatının son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini necə qiymətləndirirsiniz? Bu prosesdə TDT-nin regional təşkilatdan daha geniş siyasi və geosiyasi platformaya çevrilməsi hansı amillərlə bağlıdır? Azərbaycanın təşkilat daxilindəki təşəbbüsləri və fəal diplomatik siyasəti bu prosesə nə dərəcədə təsir göstərir?
2.Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə münasibətlərinin son dövrdə sürətlə genişlənməsinin Türk dünyasının inteqrasiyası baxımından hansı strateji əhəmiyyəti var? Burada xüsusilə Azərbaycan–Qazaxıstan, Azərbaycan–Özbəkistan və Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafını necə qiymətləndirirsiniz? Eyni zamanda, Orta Dəhliz, Transxəzər nəqliyyat marşrutu, enerji və ticarət layihələri Türk dövlətlərini yalnız siyasi deyil, həm də iqtisadi baxımdan daha sıx bir məkanda birləşdirə bilərmi?
3.Qarşıdakı illərdə TDT-nin və bütövlükdə Türk dünyasının qlobal siyasətdə daha təsirli güc mərkəzinə çevrilməsi üçün hansı addımlar atılmalıdır? Sizcə, Azərbaycanın bu prosesdə əsas prioritetləri nələr olmalıdır və “Türk Dünyası–2040” kimi strateji hədəflərin reallaşması Azərbaycanın və digər türk dövlətlərinin beynəlxalq mövqeyinə hansı yeni imkanlar yarada bilər?
Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz - Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin müəllimi Doç. Dr. Fatih Çağatay Baz və Türkiyədən olan eğitimci-yazar Murat Anar hər bir sual ətrafında öz baxışlarını sərgiləyiblər. İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Doç. Dr. Fatih Çağatay Baz: Azərbaycanın Orta Asiyaya açılımı Türk dünyasının siyasi həmrəyliyini iqtisadi qarşılıqlı asılılığa, Orta Dəhlizi isə sadə tranzit marşrutundan Türk dünyasının iqtisadi onurğa sütununa çevirmək potensialına malikdir
1.Türk Dövlətləri Təşkilatı Orta Asiya, Qafqaz, Xəzər dənizi və Avropa arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik əlaqələri yaradan çoxşaxəli geosiyasi platforma xüsusiyyəti qazanmaqdadır. Təşkilat ilkin mərhələdə daha çox mədəni və iqtisadi əməkdaşlığa diqqət yetirsə də, hazırda siyasi məsləhətləşmələr, nəqliyyat, enerji, rəqəmsallaşma, investisiya, müdafiə, ətraf mühit və təhlükəsizlik kimi sahələrdə daha institusional əməkdaşlığa yönəlir.
Türk dövlətləri Avropa ilə Asiya arasında, xüsusilə Azərbaycanın təşəbbüsləri ilə Xəzərdən keçən Şərq-Qərb nəqliyyat və ticarət marşrutlarının üzərində yerləşir. Rusiya-Ukrayna müharibəsindən sonra alternativ nəqliyyat və enerji marşrutlarının əhəmiyyət qazanması Orta Dəhlizi və bununla əlaqədar Azərbaycan-Türkiyə-Orta Asiya bağlantısını daha strateji əhəmiyyətli hala gətirib. Bu baxımdan Azərbaycanın fəal diplomatik siyasəti mühüm rol oynayır. Bununla yanaşı, enerji ehtiyatlarının, nəqliyyat şəbəkələrinin, limanların, dəmir yollarının, rəqəmsal infrastrukturun və ticarət yollarının inteqrasiyası Türk dünyasını iqtisadi baxımdan daha sıx əlaqələndirilmiş coğrafiyaya çevirir. Şuşa Bəyannaməsində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, Orta Dəhlizin gücləndirilməsi, gömrük proseslərinin asanlaşdırılması və rəqəmsallaşma məsələləri xüsusi olaraq vurğulanıb.
Xəzər hövzəsi və Orta Asiyanın enerji resurslarının dünya bazarlarına çatdırılması TDT ölkələrinin geoiqtisadi əhəmiyyətini artırır. Bununla yanaşı, əməkdaşlığın artıq yalnız neft və təbii qazla məhdudlaşmayaraq bərpaolunan enerji və yaşıl enerji dəhlizlərinə doğru genişlənməsi diqqət çəkir. Azərbaycan və digər Türk dövlətləri arasında enerji sistemlərinin əlaqələndirilməsini nəzərdə tutan layihələr bu transformasiyanın mühüm nümunələrindəndir. Bu proseslərdə Azərbaycan Türk dünyasını bir-birinə bağlayan strateji körpü mövqeyində çıxış edir.
2.Azərbaycanın Orta Asiyaya açılımı Türk dünyasının siyasi həmrəyliyini iqtisadi qarşılıqlı asılılığa, Orta Dəhlizi isə sadə tranzit marşrutundan Türk dünyasının iqtisadi onurğa sütununa çevirmək potensialına malikdir. Bu transformasiya uğurla həyata keçirildiyi təqdirdə TDT yalnız ortaq tarix və mədəniyyət əsasında bir araya gələn dövlətlər birliyi deyil, həm də ticarət, enerji, nəqliyyat, texnologiya və investisiya şəbəkələri ilə bir-birinə bağlanmış güclü geoiqtisadi regiona çevriləcək.
Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla inkişaf etdirdiyi münasibətləri Türk dünyasının inteqrasiyasında bir-birini tamamlayan üç iqtisadi və geosiyasi halqa kimi qiymətləndirmək mümkündür. Qazaxıstan Xəzərin şərq sahilində Orta Dəhlizin və enerji resurslarının mühüm iştirakçısıdır. Özbəkistan böyük əhalisi, istehsal potensialı və Orta Asiyanın iqtisadi mərkəzinə çevrilmək imkanları ilə seçilir. Qırğızıstan isə Orta Asiyanın daxili bağlantılarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə bütün bu elementləri Xəzər üzərindən Türkiyəyə və Avropaya bağlayan əsas ölkə mövqeyindədir.
Bu səbəbdən qarşıdakı dövrdə məqsəd yalnız Türk dövlətləri arasında daha çox ticarətin həyata keçirilməsi ilə məhdudlaşmamalıdır. Daha irəli hədəf kimi Türk dövlətləri arasında ortaq iqtisadi məkanın yaradılması məsələsi gündəmə gətirilməlidir. Bunun üçün Orta Dəhliz, enerji dəhlizləri, rəqəmsal dəhliz, gömrük inteqrasiyası, ortaq investisiya mexanizmləri, birgə istehsal və dəyər zəncirləri kompleks şəkildə nəzərdən keçirilməlidir.
3.“Türk Dünyası - 2040” vizyonu siyasi əməkdaşlıqla yanaşı, iqtisadiyyat, nəqliyyat və gömrük, enerji, rəqəmsallaşma, ətraf mühit, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət kimi çox geniş sahələri əhatə edir. Azərbaycan Xəzərin qərb sahilində yerləşməsi səbəbindən Orta Asiya ilə Türkiyə və Avropa arasında strateji körpü mövqeyindədir. Azərbaycan bu üstünlüyünü daha güclü liman, dəmir yolu, enerji və rəqəmsal infrastrukturu ilə dəstəkləyəcək. Azərbaycanın gələcəkdəki rolu yalnız neft və təbii qaz ixracatçısı olmaqla məhdudlaşmayacaq. Xəzərin bərpaolunan enerji potensialı, elektrik enerjisi bağlantıları və yaşıl enerji layihələri vasitəsilə Azərbaycan Türk dünyasının yaşıl enerji bağlantı mərkəzlərindən birinə çevriləcək.
Azərbaycanın fəal diplomatik siyasəti TDT-nin Avropa, Asiya və digər regional təşkilatlarla münasibətlərinin inkişafına töhfə verəcək. Lakin burada əsas məsələ TDT-nin digər güc mərkəzlərinə qarşı mövqeləndirilməsi deyil, çoxtərəfli sistem daxilində özünəməxsus siyasi və iqtisadi çəkisini formalaşdırmasıdır.
“Türk Dünyası – 2040” vizyonunun ən mühüm xüsusiyyəti ortaq hədəfləri yalnız siyasi ritorika olmaqdan çıxararaq uzunmüddətli strateji yol xəritəsinə çevirməsidir. Bu baxımdan “Türk Dünyası- 2040” vizyonunun uğuru ortaq tarix və mədəniyyətin nə dərəcədə güclü olmasından daha çox, bu ortaq dəyərlərin nə dərəcədə konkret institutlara, layihələrə və iqtisadi potensiala çevrilə bilməsindən asılı olacaq.
Bütün bunlar Türk Dünyası – 2040 kimi strateji hədəflərin həyata keçirilməsi ilə Azərbaycanın və digər Türk dövlətlərinin beynəlxalq mövqelərinin möhkəmlənməsi və qarşılarına yeni imkanların çıxması üçün zəmin yaradacaq.

Murat Anar: Əslində, bu gün Türk Dövlətləri Təşkilatından danışırıqsa, bunu Azərbaycanın türklərin ən çətin dövrlərində belə “Türk birliyi” idealını yaşatmasına borcluyuq
1.Türk dövlətləri təxminən 250 milyonluq əhalisi, öz aralarındakı yüz milyardlarla dollarlıq ticarət dövriyyəsi və geosiyasi mövqeyi ilə dünyada müəyyənedici gücə çevrilmək potensialına malikdir. Türk dövlətləri öz aralarında birlik və tarazlıq yaratmaq məsələsində “mən də varam” deyərək öz mövqelərini ortaya qoyublar. Türk Dövlətləri Təşkilatı ilə birlikdə formalaşdırılan ortaq strategiyalar sayəsində Türk dövlətlərinin hər birinin beynəlxalq səviyyədə mövqeyi gündən-günə daha da güclənir.
Türk Dövlətləri Təşkilatına üzv dövlətlər Türk dünyasının yalnız onlardan ibarət olmadığı reallığını nəzərə almalıdırlar. Türk Dövlətləri Təşkilatı Balkanlarda, Rusiyanın muxtar bölgələrində və Avropada yaşayan türkləri əhatə edən fəaliyyətlər həyata keçirməklə öz mövqeyini daha da gücləndirməlidir. Pakistan, Liviya kimi Türk dövlətlərinə dost ölkələr də TDT-də müşahidəçi üzv statusu əldə etməlidirlər. Türk dövlətləri öz aralarında ticarət, təhsil, dil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq layihələrini nəzəri müstəvidən çıxarıb praktikada həyata keçirdikcə öz güclərini daha da artıracaqlar.
Turan ideyasının həyata keçirilməsində Azərbaycanın Türk dövlətləri arasında böyük əhəmiyyəti var. Əslində, bu gün Türk Dövlətləri Təşkilatından danışırıqsa, bunu Azərbaycanın türklərin ən çətin dövrlərində belə “Türk birliyi” idealını yaşatmasına borcluyuq. Azərbaycan Türk dünyasının ürəyidir. O ürək keçmişdə də eyni həyəcanla döyünürdü, bu gün də eyni həyəcanla döyünür, sabah da eyni həyəcanla döyünəcək.
Türkiyə və Azərbaycan Türk dünyasının beyni və ürəyidir. Bu gün Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilirsə, bunda Azərbaycanın prosesin hər mərhələsində ortaya qoyduğu fəal siyasətin mühüm rolu var.
2.Türk Dövlətləri Təşkilatının yaradılması və bu təşkilatın potensialının dərk edilməsi ilə birlikdə, əslində bütün Türk dövlətləri də bir-bir öz strateji güclərinin və Türk olmağın verdiyi gücün fərqinə varmağa başlayıblar. Türk dövlətləri son dövrlərdə öz aralarındakı problemləri də oturub müzakirə etmək və həll etmək istiqamətində meyl nümayiş etdirirlər. Dili, dini və mədəniyyəti bir olan Türk dövlətləri artıq ortaq əlifba, ortaq cinayətkarlıqla mübarizə mərkəzi, ortaq rəqəmsal ticarət platforması kimi bir çox sahədə birlikdə hərəkət etməyin yollarını axtarırlar.
Nə demişdik? Azərbaycanı Türk dövlətlərini bir insan bədəni kimi təsəvvür etdikdə, Türk dünyasının ürəyi hesab etmək olar. İnsan qolu, digər orqanları olmadan yaşaya bilər, amma ürəyi olmadan yaşaya bilərmi? Azərbaycan həyati əhəmiyyət daşıdığının fərqindədir. Bu şüurla bütün Türk dövlətləri ilə hər sahədə çox mühüm əməkdaşlıq layihələrini həyata keçirir. Həm Orta Dəhlizdə, həm də Zəngəzur dəhlizində Azərbaycan açar mövqedədir. Bu dəhlizlər sayəsində bir tərəfdən Rusiya və Çinin, Türk dövlətlərinin Türkiyə və Azərbaycan üzərindən Avropaya çıxışı təmin olunarkən, digər tərəfdən Rusiya, Çin və Türk dövlətləri də eyni marşrut vasitəsilə Avropaya çıxış əldə edirlər.
Ticarətin inkişaf etməsi Türk dövlətlərinin hamısının inkişaf etməsi və güclənməsi deməkdir. İqtisadi baxımdan güclənən Türk dövlətləri arasında, təbii ki, siyasi və mədəni əlaqələr də möhkəmlənəcək. Əslində, siyasi və mədəni əlaqələr gücləndiyi üçün ticarət münasibətləri inkişaf etməyəcək; iqtisadiyyatlarımız gücləndikcə bir-birimizi daha yaxşı tanıyacaq və daha da güclənəcəyik.
Orta Dəhliz və Zəngəzur dəhlizi fəaliyyətə başladıqda, məncə, Türk Dövlətləri Təşkilatı tarazlıq yaradan və tarazlığı dəyişdirə bilən super gücə çevriləcək. Heç kimin Türkün super gücə çevrilməsindən narahat olmasına da ehtiyac yoxdur. Tarix şahiddir ki, Türkün güclü olduğu yerdə ədalət var, Türkün güclü olduğu yerdə məzlum üçün ümid var, Türkün güclü olduğu yerdə rifah və sülh var.
3.Bizim öz aramızda hələ də bəzi problemlərimiz var. Türkmənistan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundadır. Macarıstan da müşahidəçidir, öz qardaşımız Türkmənistan da müşahidəçidir. Bunu sorğulamaq, əgər Türkmənistanın narahatlıqları varsa, onları aradan qaldırmaq lazımdır. Türkmənistan TDT-yə tamhüquqlu üzv olmalı və TDT-də daha fəal iştirak etməlidir.
Kuzey Kıbrıs Türk Cümhuriyyətinə gəlincə, Türkiyədən başqa heç bir ölkə KKTC-ni tanımır. Həm tanımırıq, həm də Türk Dövlətləri Təşkilatında KKTC müşahidəçi üzvdür. Bu, bir ziddiyyət deyilmi? Türk Dövlətləri Təşkilatına üzv ölkələr artıq KKTC-ni rəsmi olaraq tanımalıdırlar.
Ortaq əlifba üzərində niyə işləyirik? Təşkilatın adı niyə Türk Dövlətləri Təşkilatıdır? Bunun cavabı çox sadədir: çünki biz “Türk”ük. Dilimiz də türkcədir. Niyə türkcəni yalnız Türkiyə sərhədləri daxilində məhdudlaşdırırıq?
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının bir-birlərinə şəxsiyyət vəsiqəsi ilə səyahət etdiyi, ortaq muzey kartı ilə tarixi və turistik məkanları ziyarət etdiyi, Türkün getdiyi hər Türk dövlətində özünü öz ölkəsindəki kimi hiss etdiyi günlər də böyük bir xəyal deyil. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “bütün türk cümhuriyyətləri bizim vətənimizdir”. Mən bunu alqışlayıram. Hesab edirəm ki, vahid Vətən, yəni vahid Türk Dünyası, Vahid Turan üçün bir sıra vacib addımlar atılmalıdır. Məsələn, Türkiyədə çalışma, yaşayış icazəsi və tələbəliklə bağlı qanun və qaydalar dəyişdirilməlidir. Digər əcnəbilərdən Türk soylu qardaşlarımız fərqləndirilməli və sadaladığım bu məsələlər Türk soylular üçün asanlaşdırılmalıdır.
Şükür ki, Türklər artıq özlərinin fərqinə varmağa başlayıblar. Mən 2040 vizyonuna 2040-cı il olmadan çatılacağını düşünənlərdənəm. Çox deyil, bundan 10 il sonra vizyon sahibi, dünyaya düzən verən bir Türk Dövlətləri Təşkilatı görəcəyik.
Məşhur Azərbaycan şairi Zəlimxan Yaqubun şeirində dediyi kimi...
“Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Dinlənəcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.”
Fuad Hüseynzadə
Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB