"Azərbaycan Türk dünyasında təhlükəsizlik əməkdaşlığının genişlənməsinə önəm verir" - POLİTOLOQ DANIŞDI
"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxslərinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi ölkəmizin Türk dünyası ilə münasibətlərə və bu istiqamətdə əməkdaşlığa verdiyi önəmi göstərir. Azərbaycan Türk dünyası ölkələri arasında müxtəlif sahələrdə inteqrasiya siyasətini dəstəkləyir".
Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.

O bildirib ki, son dövrlərdə bir sıra beynəlxalq təşkilatların ciddi böhranlarla üzləşdiyi bir şəraitdə Türk Dövlətləri Təşkilatının inkişafını və güclənməsini davam etdirməsi diqqətçəkən məqamlardan biridir. Eyni zamanda Türk dövlətləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişlənməsi də müsbət tendensiyadır:
"Qlobal miqyasda baş verən son hadisələr göstərir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər müstəvisində prioritet istiqamətlərdən biri olmalıdır. Bu baxımdan Türk dünyasında inteqrasiya siyasətinin mühüm istiqamətlərindən biri də təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Türk dövlətlərinin regionda baş verən proseslərlə bağlı mövqelərinin daha çox yaxınlaşması da inteqrasiya baxımından əhəmiyyətlidir. Əgər Türk Dövlətləri Təşkilatının daha da güclənməsi və inteqrasiya proseslərinin dərinləşdirilməsi qarşıya məqsəd qoyulursa, müxtəlif regional məsələlərə münasibətdə mövqelərin yaxınlaşdırılması istiqamətində müzakirələrin aparılmasına ehtiyac var. Bu baxımdan təhlükəsizlik üzrə rəhbər şəxslərin bir araya gəlməsi və müzakirələr aparması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi də ölkəmizin bu məsələlərə verdiyi əhəmiyyəti nümayiş etdirir. Ümumilikdə, Azərbaycan Türk dünyasının birləşməsi və inteqrasiya proseslərinin davam etdirilməsi istiqamətində fəal siyasət yürüdür. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında bu istiqamətin əhəmiyyətini vurğulayıb. Azərbaycan üçün əsas istiqamətlərdən biri Türk dünyası ilə əlaqələrin daha da inkişaf etdirilməsi və bu əməkdaşlığın gücləndirilməsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB