Qızılın bahalaşması yenidən sürətlənəcək, yoxsa qiymətlərdə eniş müşahidə olunacaq? - İQTİSADÇI AÇIQLADI
Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 000 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşması yenidən sürətlənəcək, yoxsa qiymətlərdə eniş müşahidə olunacaq?
Dünya iqtisadiyyatındakı proseslər, dolların məzənnəsi və mərkəzi bankların qızıl alışları bazara necə təsir göstərəcək?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, qızılın qiymətində azalmalar gözlənilməli idi:
"Çünki Hörmüz boğazı bağlandıqdan sonra gözlənilən qeyri-müəyyənlik və risklərin bir hissəsi qızıl bazarından çıxaraq enerji bazarına, əsasən də neft bazarına yönələcəkdi. Bu da dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxardı. Çünki təklifin azalması kontekstində biz eyni zamanda tələbin artmasını da müşahidə etdik.
Azərbaycan qızılın qiymətinin yüksək olduğu dövrdə ehtiyatlarının bir hissəsini satışa çıxardı. Bu, birmənalı şəkildə doğru addım idi. Çünki Dövlət Neft Fondu qızılı daha yüksək qiymətə sataraq daha çox gəlir əldə etmək imkanına malik oldu. Təbii ki, bu da Dövlət Neft Fondunun gəlirlərinin artmasına xidmət etdi.
Digər tərəfdən, qızılın qiymətində mütəmadi olaraq dalğalanmalar müşahidə edirik. Amma bununla belə, qızıl həmişə investorların daha çox sərmayə yönəltdiyi alətlərdən biri olub və gözlənilir ki, xüsusilə də Hörmüz boğazında mövcud gərginlik aradan qalxarsa, bu, yenidən qızıla tələbin artmasına və qızılın qiymətinin yüksəlməsinə gətirib çıxara bilər.
Amma enerji bazarında qiymətlər daha da artarsa, bu halda qızılın qiymətində azalmalar müşahidə edə bilərik. Hazırda enerji bazarı investorların qızıl yığımına təsir göstərən əsas amil olaraq qalmaqdadır. Bununla yanaşı, qlobal iqtisadiyyatdakı vəziyyət və baş verən dəyişikliklər də birbaşa qızıla olan tələbə təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB