"Filizçay yatağının istismarı yeni iqtisadi imkanlar formalaşdıracaq" - DEPUTAT DANIŞDI
"Filizçay yatağı Avropa qitəsinin perspektivli yataqlarından biridir. Yatağın səhmdarı “AzerGold” dövlət şirkətidir. Hazırda şirkət tərəfindən yatağın istismara hazırlanması ilə bağlı işlər həyata keçirilir və yaxın dövrdə burada hasilat işlərinə başlanılması nəzərdə tutulur".
Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, lakin Azərbaycanın mineral faydalı qazıntı ehtiyatları potensialı yalnız Filizçay yatağı ilə məhdudlaşmır. Ölkənin digər regionlarında da böyük mineral ehtiyatlar mövcuddur. Bu baxımdan dövlət başçısının imzaladığı 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı sektorun inkişafını yeni mərhələyə yüksəldə bilər:
"Proqram çərçivəsində Daşkəsəndə yaradılan Qərb Sənaye Parkında istehsal sahələrinin genişləndirilməsi, Naxçıvanda geoloji-kəşfiyyat işlərinə başlanılması, Ağdərə, Zəngilan və Kəlbəcərdə mövcud yataqların işlənməyə cəlb edilməsi, eləcə də digər regionlarda yeni geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.
Bu proseslərin əsas üstünlüyü ondan ibarətdir ki, söhbət yalnız xammal hasilatından getmir. Əsas məqsəd hasil olunan mineral resursların ölkə daxilində emal edilməsi, yeni istehsal sahələrinin yaradılması və əlavə dəyərin mümkün qədər Azərbaycanın daxilində formalaşdırılmasıdır.
Beləliklə, dağ-mədən sənayesində hasilatdan emala, emaldan hazır məhsul istehsalına qədər bütün mərhələləri əhatə edən dəyər zəncirinin formalaşdırılması mümkün olacaq. Bu isə həm iqtisadiyyatın şaxələndirilməsinə, həm yeni iş yerlərinin yaradılmasına, həm də qeyri-neft ixracının artırılmasına şərait yaradacaq.
Proqram üzrə qarşıya qoyulan hədəflərin reallaşması nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılması və 1 milyard manatdan çox gəlirin əldə edilməsi nəzərdə tutulur. Eyni zamanda, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması Azərbaycanın qeyri-neft ixracının strukturunun genişlənməsinə və ixrac məhsullarının çeşidinin artmasına imkan verəcək.
Ona görə də dağ-mədən və metallurgiya sənayesinin inkişafına yalnız yeni yataqların istismara verilməsi kimi baxmaq düzgün olmazdı. Bu, Azərbaycanın mineral-xammal potensialının iqtisadi dəyərə çevrilməsi, yerli istehsalın gücləndirilməsi, yeni texnologiyaların tətbiqi və qeyri-neft iqtisadiyyatının daha da şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyan istiqamətdir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri təbii resurslardan daha yüksək əlavə dəyər yaratmaqla istifadə etməkdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu baxımdan qeyri-neft sektorunun gələcək artım istiqamətlərindən birinə çevrilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB