Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən birini müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə və tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsinə xidmət edir.
Azərbaycanın əməkdaşlıq əlaqələrini inkişaf etdirdiyi dövlətlərdən biri də Cənub-Şərqi Asiyada yerləşən Laos Xalq Demokratik Respublikasıdır. İki ölkə arasında otuz ildən artıqdır davam edən diplomatik münasibətlər qarşılıqlı hörmət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq prinsiplərinə əsaslanır.
Cari ilin 13 oktyabr tarixində Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirak etməklə Azərbaycana ilk rəsmi səfərini etdi. Səfər çərçivəsində prezidentlər təkbətək və geniş tərkibdə görüşlər keçirdilər, mətbuata bəyanatla çıxış etdilər.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin səfər zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisədir. Səfər Azərbaycan ilə Laos arasında 30 ildən artıqdır davam edən diplomatik əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və siyasi dialoqun konkret nəticələrlə zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Azərbaycan ilə Laos arasında münasibətlər qarşılıqlı hörmət, həmrəylik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının yaradılması, hakim partiyalar arasında əməkdaşlıq və yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi əlaqələrin institusional əsaslarını gücləndirir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri bu münasibətlərin daha da dərinləşdirilməsinə qarşılıqlı marağı nümayiş etdirir.
Prezident İlham Əliyevin bəyanatında Azərbaycan ilə Laos arasında mövcud ticarət dövriyyəsinin ölkələrin potensialını tam əks etdirmədiyi vurğulanıb. Bu baxımdan, Bakıda keçirilməsi nəzərdə tutulan Laos–Azərbaycan biznes-forumu sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının müəyyənləşdirilməsi və ticarət dövriyyəsinin artırılması üçün mühüm platforma olacaq. Energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması da iqtisadi münasibətlərin şaxələndirilməsinə xidmət edir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı aqrar təcrübə mübadiləsi, ərzaq təhlükəsizliyi və qarşılıqlı ticarət imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Təhsil sahəsində isə sovet dövründə Azərbaycanda təhsil almış iki mindən çox laoslu tələbənin təcrübəsinin xatırladılması bu ənənənin bərpasına marağı göstərir. Laoslu tələbələr üçün təqaüd mexanizmlərinin yaradılması və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi uzunmüddətli humanitar tərəfdaşlığın formalaşmasına töhfə verə bilər.
Azərbaycan və Laosun üzləşdiyi ortaq problemlərdən biri mina və partlamamış sursatların yaratdığı təhlükədir. Bu sahədə təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması və əhalinin maarifləndirilməsi üzrə əməkdaşlıq hər iki ölkə üçün praktiki əhəmiyyət daşıyır. Mina təhlükəsinin aradan qaldırılması həm insanların həyat və sağlamlığının qorunması, həm də ərazilərin sosial-iqtisadi inkişafı baxımından vacibdir.
Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı gələcəkdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna çıxış imkanlarının araşdırılmasına şərait yarada bilər. Azərbaycanın formalaşmış nəqliyyat-logistika infrastrukturu isə yeni yük axınlarının cəlb edilməsi və Avropa ilə Asiya arasında tranzit əlaqələrinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı konkret layihələrin hazırlanmasından və qarşılıqlı iqtisadi maraqların uzlaşdırılmasından asılıdır.
Oktyabrın 13-də Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat qəbul edilmiş, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalanaraq tərəflər arasında mübadilə olunmuşdur. Bu sənədlər siyasi dialoqun möhkəmləndirilməsi, sahəvi əməkdaşlığın genişləndirilməsi və rəsmi səfərlərin asanlaşdırılması baxımından əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin yeni istiqamətlər üzrə inkişafına zəmin yaradır. Səfərin əsas əhəmiyyəti mövcud siyasi əlaqələrin iqtisadi, humanitar və institusional əməkdaşlıqla tamamlanmasıdır. İmzalanmış sənədlərin icrası, ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin konkretləşdirilməsi və nəqliyyat əlaqələrinin inkişafı Azərbaycan–Laos tərəfdaşlığının gələcək nəticələrini müəyyən edən əsas amillər olacaqdır.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB