“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ

“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ

Azərbaycan hər zaman dini azadlığa önəm verib. Xalqımız əsrlər boyu formalaşdırdığı və yaşatdığı milli-mənəvi dəyərlər, adət-ənənələr əsasında özünəməxsus müsəlman həyat tərzi formalaşdırıb.

Bu sözləri SİA-ya deputat Hikmət Məmmədov deyib.

O bildirib ki, Türkiyədən fərqli olaraq, Azərbaycanda din ərəb geyimlərini geyinmək və ərəbləşmək kimi qəbul edilmir:

“Azərbaycan İslam dininin həqiqi fəlsəfəsini mənimsəyərək əsrlər boyu bu dinin sülh, humanizm və elm dəyərləri kontekstində zənginləşməsinə öz töhfəsini verib. Bəhmənyar, Nəsimi, Nəvai, Axund və Mirzə Cəlil kimi şəxsiyyətlərin yaradıcılığı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Beləliklə, biz əsrlər boyu İslam dininin ali dəyərlərinin inkişafına öz töhfəmizi vermişik.

Bu gün Azərbaycanda İslam məhz həqiqi din və elm vəhdəti kontekstində yaşanır. Dinin manipulyasiya edilmiş geyim formaları heç vaxt həqiqi dini dəyərlərdən üstün tutulmayıb. Biz VII, XII və XV əsrlərdə də, bu gün də İslamı həqiqi din kimi mənimsəmiş, onun ali dəyərlərinə sahib çıxmış və milli kimliyimizlə, öz geyim tərzimizlə zənginləşdirmişik.

Babalarımız at belində olarkən əllərində qılınc, başlarında dingə, çanaqayı formasında baş örtükləri olub. Bu, bizim milli geyim mədəniyyətimizin bir hissəsidir və tarixən bu məsələyə münasibət də həmin mədəniyyətin özünəməxsusluğu çərçivəsində formalaşıb.

Əgər Türkiyədə kimsə İslam dedikdə mütləq ərəb geyimini başa düşürsə, ərəb kimi geyinməyi İslamın əsas göstəricisi hesab edirsə və dinin digər ali dəyərlərini ikinci dərəcəli məsələ kimi görürsə, bu, onların öz seçimidir. Biz onların işinə qarışmırıq, amma onlar da bizim işimizə qarışmasınlar.

Ərəbistan yarımadasında iqlim şəraitinə uyğun olaraq fərqli geyim ənənələri mövcuddur. Məsələn, qum tufanlarından və qum fırtınalarından qorunmaq üçün kişilərin də başlarını örtməsi həmin coğrafiyanın həyat tərzi ilə bağlıdır. Əgər sabah başqa ölkələrdə də kimsə bu geyim formasını dini ənənə kimi qəbul edərsə, buna etirazımız yoxdur. Bu, onların seçimidir. Amma onlar da bizim milli-mənəvi dəyərlərimizə və özünəməxsus geyim ənənələrimizə hörmətlə yanaşmalıdırlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə