Azərbaycanın bugünkü uğurları, qələbələri tarixinin qızıl dövrü hesab edilir. Zaman dəyişsə, müxtəlif siyasi proseslər baş versə də, hər məqamda bugünkü möhtəşəm nailiyyətlər xatırlanacaq və hörmətlə, rəğbətlə Ulu Öndərimiz Heydər Əliyevə və Onun ən layiqli siyasi varisi, Qarabağ Fatehi İlham Əliyevə minnətdarlıqlar ifadə olunacaq. Gələcək nəsil ürəklərində, qəlblərində Dahi Öndərimizə, Fateh Sərkərdəmizə bir şam yandıracaq, onun istisi ilə yaşayacaq və fəaliyyət göstərəcəklər. Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyimiz ilk illərində yaranan bütün çətinliklər, ağrılı problemlər aradan qaldırıldı və Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrildi. Sonrakı proseslərdə, xüsusilə də Cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilməsindən sonra Azərbaycanın müstəqilliyi daha da möhkəmləndi, iqtisadi –sosial inkişafı artdı, hərbi, siyasi qüdrəti gücləndi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyev irsini qətiyyətlə davam etdirərək, Qarabağ problemini birdəfəlik həll etdi, ata vəsiyyətini, xalqına vermiş olduğu vədini yerini yetirərək, tarix yazan lider olduğunu nümayiş etdirdi. Bu gün bütün dünya Prezident İlham Əliyevin verdiyi sözlərə istisnasız əməl edən, sözü ilə əməlinin üst-üstə düşən, sözünün dəyərli və keçərli olduğunu görən böyük siyasi xadim kimi tanıyır. 20 il bundan əvvəl prezident seçkilərində Cənab İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan Ordusu 2016-cı ilin dördgünlük Aprel döyüşlərində düşmənə, təcavüzkar və işğalçı Ermənistana sözün əsl mənasında dərs keçdi, "güclü erməni ordusu" mifini darmadağın etdi. Bunun üstündən cəmi iki il keçəndən sonra, 2018-ci ilin yayında Azərbaycan Ordusu bu dəfə Naxçıvan istiqamətində düşmənə böyük, sarsıdıcı zərbə vurdu, tarixi Günnüt əməliyyatı ilə düşməni çox əhəmiyyətli, strateji mövqelərdən, yüksəkliklərdən geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində dastan yazan Azərbaycan Ordusu Günnüt əməliyyatında bir daha düşmənə, işğalçı Ermənistana öz gücünü, qətiyyətini, əzmini nümayiş etdirdi. Bir daha göstərdi ki, Qarabağ məsələsində güzəşt mövqeyi olmayacaq, bir qarış torpaq belə düşmənə verilməyəcək.
44 günlük Vətən Müharibəsində Ermənistanın aldığı sarsıdıcı zərbədən sonra xarici erməni lobbisi və dövlətlərin rəsmi şəxsləri hay-küylü bəyanatlar çıxış etdilər. Fransa, Niderland kimi faşizminin əsas təşkilatçıları olan dövlətlərin parlamentləri Azərbaycanı müxtəlif separatçı qətnamələrin qəbul edilə biləcəyi ilə hədələdilər. Bununla Ermənistana dəstək verməyə və Xankəndidəki, separatçıları ruhlandırmağa ümid etdilər. Hətta Ermənistanın Azərbaycanın müzəffər silahlı qüvvələri tərəfindən darmadağın edilmiş ordusunun baş komandanı və baş naziri Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin "ildönümü" ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirilmişdi. Separatçı qüvvələrin yeni hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Təbii ki, Azərbaycan dövləti ərazisində həyata keçirilməsinə cəhd edilən separatçılığın genişlənməsinə seyrçi qala bilməzdi və belə də oldu. 2023-cü ilin sentyabrın 19-da başlayan antiterror əməliyyatları ilə Qarabağdakı Ermənistana məxsus ordunun qalıqları məhv edildi. Bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi. Eyni zamanda qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu 6 "Ural" markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi. Bunla yanaşı Ordumuz Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsdi, bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarət tam təmin olundu. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı, təslim olduqlarını bəyan etdilər. Bu dünya miqyasında terrorçuluğun ən qısa müddət ərzində ləğv edilməsi istiqamətində həyata keçirilən anti-teror əməliyyat idi. Azərbaycanın Müzəffər Ordusu 23 saat ərzində 15-18 minlik hərbi-terrorçu silahlı dəstəni təslim olmağa məcbur etdi, 30 illik işğal dövründə insanlıq əleyhinə cinayətlər törətmiş hərbi canilər isə həbs edilərək istintaqa təhvil verildilər. Artıq onlara qarşı Məhkəmə prosesi keçilib və hər biri layiq olduqları cəzanı alıblar.
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda keçirilən aniterror əməliyyatları barədə danışarkən qeyd edib ki, antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər: "Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar. Başqa variant ola bilməzdi. Bizdə olan məlumata görə, oradakı hərbi birləşmələrdə təqribən 15 minə yaxın hərbçi xidmət göstərirdi. Onlar daha tez təslim oldular. Ondan sonra, sadəcə olaraq, danışıqlar gedirdi və daha doğrusu danışıqlar yox, bizim şərtlərimizi onlar sanki müzakirə edirdilər. Ancaq biz hansı şərt qoymuşduqsa, o şərt də təmin edildi, o cümlədən separatist qurumun buraxılması və bütün digər şərtlər. Biz dedik ki, təslim olursunuzsa əməliyyatı dayandıracağıq. Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bizdən xahiş olundu ki, əgər onlar silahları yerə qoysalar, onların təhlükəsizliyi təmin olunacaq-olunmayacaq? Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq".
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev zamanında deyirdi: "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq". Fakt ondan ibarətdir ki, Dahi Öndərimizin müdrik kəlamı artıq reallığa çevrilib. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu, sayılan, seçilən dövlətlərindəndir. Bu güc və qüdrət Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən siyasəti ilə daha da möhkəmlənir. Bu uğurların təntənəsi olaraq qədirbilən Azərbaycan xalqı vəfa borcu olaraq 7 oktyabr 2023-cü il prezident seçkilərində yüksək fəallıq göstərdi. Bu seçkilərin nəticələri bir daha təsdiq etdi ki, xalqımız Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə Cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, ictimaiyyət tərəfindən diqqətlə izlənilən seçkilərdə Cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir. Qazanılan zəfərlər dönməzdir və daimidir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB