İdeoloji təxribatlara qarşı maarifləndirmə və milli maraqların qorunması gücləndirilməlidir - DEPUTAT DANIŞDI

İdeoloji təxribatlara qarşı maarifləndirmə və milli maraqların qorunması gücləndirilməlidir - DEPUTAT DANIŞDI

"Cənab Prezident Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında partiya qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdi. Bu vəzifələr sırasında ideoloji maarifləndirmənin gücləndirilməsi və ideoloji təxribatlara qarşı düzgün fəaliyyət mexanizminin qurulması xüsusi yer tuturdu".

Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi daha da möhkəmlənir. Ölkəmiz öz suverenliyini qorumaq gücündə olduğunu bütün dünyaya sübut edib. Azərbaycanın bütün sahələrdə inkişafı davam edir, təkcə qonşu dövlətlərlə deyil, onların qonşuları ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurulur. Azərbaycanın əsas məqsədi müstəqilliyini qorumaq, milli maraqlarını təmin etmək və inkişafını daha da gücləndirməkdir:

"Bununla belə, ölkəmizə qarşı ideoloji təxribatlar davam edir. Bəzi xarici dövlətlər və anti-Azərbaycan dairələri müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, cəmiyyətimizə yad olan baxışları və ideyaları vətəndaşlara qəbul etdirməyə çalışırlar. Bu fəaliyyətlərin əsas məqsədlərindən biri insanların öz dövlətinə və müstəqil inkişaf yoluna olan inamını zəiflətməkdir.

Lakin Azərbaycan vətəndaşları dəfələrlə dövlətçiliyə, müstəqilliyə və ölkənin inkişafına bağlı olduqlarını sübut ediblər. Əminəm ki, bundan sonra da xalqımız müstəqilliyimizin qorunması və milli maraqlarımızın müdafiəsi naminə öz səylərini davam etdirəcək. Heç bir təxribat Azərbaycan cəmiyyətində möhkəm kök sala bilməz. Bununla yanaşı, anti-Azərbaycan yönümlü hücumlara qarşı hər birimiz ayıq-sayıq olmalı, ideoloji maarifləndirmənin gücləndirilməsinə və milli maraqlarımızın qorunmasına töhfə verməliyik".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə