”Kitabxanalara müraciət edən oxucuların sayının son illərdə sürətlə azalmasının əsas səbəblərindən biri rəqəmsal texnologiyaların həyatımıza geniş şəkildə daxil olmasıdır. Bu məsələyə tarixi baxımdan nəzər saldıqda, insanların əvvəlki dövrlərdə asudə vaxtlarını necə keçirdiklərini də nəzərə almaq lazımdır”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, 20-30 il əvvəl internet və bugünkü rəqəmsal platformalar yox idi:
”İnsanların asudə vaxtlarını keçirmək üçün əsas vasitələrdən biri kitab idi. Evdə radio və televiziya olsa da, televiziya proqramlarının sayı və çeşidi indiki qədər geniş deyildi. Xəbərlər, filmlər və müəyyən proqramlar yayımlanırdı. İnsanların digər vaxtlarda kitab oxumaq üçün daha çox imkanları olurdu. Kitabı ya mağazadan alır, ya da kitabxanadan götürürdülər.
Beləliklə, həmin dövrdə insanların həm kitab oxumağa daha çox vaxtı, həm də buna ehtiyacı var idi. Kitab oxuyan insan zaman keçdikcə həmin dünyanın içərisinə daxil olur və mütaliəyə marağı artırdı. Buna görə də kitabxanalar kifayət qədər çox oxucu qəbul edirdi. İnsanlar kitab götürür, evdə oxuyur, geri qaytarır və yenidən başqa kitab əldə edirdilər.
Lakin 1990-cı illərdən etibarən internetin həyatımıza daxil olması ilə bu mənzərə dəyişməyə başladı. Əvvəllər insanların informasiya və əyləncə mənbələri əsasən radio, televiziya və kitabdan ibarət idisə, sonradan internet, sosial şəbəkələr, videoplatformalar və digər rəqəmsal xidmətlər də bu sıraya əlavə olundu.
Bu gün insanın qarşısında seçim imkanları olduqca genişdir. Sosial şəbəkələr, videolar, filmlər, seriallar, müxtəlif verilişlər və digər rəqəmsal məzmunlar günün böyük hissəsini əhatə edə bilir. İnsanlar artıq dünyanın müxtəlif ölkələrində çəkilən filmlərə, seriallara və digər proqramlara istədikləri vaxt baxa bilirlər. Əvvəllər isə televiziyada hansı film və ya veriliş yayımlanırdısa, əsasən ona baxmaq mümkün idi.
Eyni dəyişiklik gündəlik həyatımızın digər sahələrində də baş verib. Bu gün insanlar alış-veriş etmək üçün əvvəlki qədər mağazalara getmirlər. Bir çox məhsulu onlayn sifariş etməklə birbaşa evlərinə çatdırırlar. Kitab məsələsində də oxşar vəziyyət yaranıb. İnsan kitabxanaya gedib kitab götürmək əvəzinə, həmin kitabın elektron versiyasını telefonunda və ya digər rəqəmsal cihazında oxuya bilir.
Təbii ki, kitab həvəskarları yenə də mütaliə edəcəklər. Kitabsız həyatını təsəvvür edə bilməyən insanlar var və onlar ənənəvi kitabları oxumağa davam edirlər. Lakin ümumi olaraq kitab oxuyanların sayının azaldığını, oxuyanların bir qisminin isə kitabxanalardan istifadə etmək əvəzinə elektron mənbələrə üstünlük verdiyini müşahidə edirik.
Bununla yanaşı, ənənəvi kitabın özünəməxsus üstünlükləri var. Elektron kitab ənənəvi kitabın yaratdığı hissi tam əvəz edə bilmir. Kitabın kağızı, qoxusu və onu əlinə alaraq oxumağın yaratdığı xüsusi hisslər var. Uzun müddət rəqəmsal ekranlardan istifadə etməyin göz sağlamlığına təsiri ilə bağlı da narahatlıqlar mövcuddur. Buna görə də ənənəvi kitabın əhəmiyyətini qorumaq lazımdır.
Təəssüf ki, bu gün bir çox ənənəvi kitabxananın əvvəlki qədər istifadə olunmadığını görürük. Kitabxanalara müraciət edən insanların sayı azalıb. Mən özüm uzun müddət icra hakimiyyətində çalışmışam. Təxminən 15 il əvvəl də kitabxanaların vəziyyəti ilə bağlı müşahidələrim olub. Şöbəmizin kurasiya etdiyi sahələrdən biri kitabxanalar idi. Yoxlamalar zamanı kitabxanalara gedirdik və bəzi hallarda onların qapılarının uzun müddət bağlı qaldığını, oxucuların isə çox az olduğunu müşahidə edirdik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB