“Şagirdlərin geyimdə fərqlənməməsi sosial müqayisə və psixoloji narahatlıqları azaldır” -DEPUTAT DANIŞDI

“Şagirdlərin geyimdə fərqlənməməsi sosial müqayisə və psixoloji narahatlıqları azaldır” -DEPUTAT DANIŞDI

“Məlumdur ki, vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisələrində vahid və sağlam geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində geyim mədəniyyətinin yaradılması, eyni zamanda, təhsil prosesinin ümumi prinsiplərinə uyğun mühitin təmin olunmasına xidmət edir”.

Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, məktəb mühitində bərabərlik prinsipi qorunmalı, şagirdlərin sosial statusundan, ailələrinin maddi imkanlarından və digər fərqlərdən asılı olmayaraq, onların eyni şəraitdə təhsil almasına və bərabər imkanlara malik olmasına şərait yaradılmalıdır:

“Azərbaycanda təhsil sistemi dövlət xarakteri daşıyır və dövlət məktəbləri bütün şagirdlər üçün bərabər, əlçatan və inklüziv mühit formalaşdırmalıdır. Bu baxımdan vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edən amillərdən biri hesab edilə bilər. Eyni zamanda, vahid forma şagirdlərdə kollektivçilik, məsuliyyət hissi və məktəbə aidiyyət duyğusunun formalaşmasına müsbət təsir göstərə bilər.

Şagirdlərin geyim baxımından bir-birindən kəskin şəkildə fərqlənməməsi sosial müqayisələrin və bunun fonunda yarana biləcək psixoloji narahatlıqların azalmasına imkan yaradır. Bu yanaşma şagirdlər arasında sosial təcrid və ayrı-seçkilik risklərinin azaldılmasına, məktəbdə sağlam münasibətlərin formalaşmasına və mümkün konfliktlərin qarşısının alınmasına da xidmət edə bilər. Eyni zamanda, məktəb-valideyn münasibətlərində vahid yanaşmanın formalaşmasına şərait yaradır.

Bu baxımdan vahid məktəbli geyimi yalnız xarici görünüş məsələsi deyil, həm də təhsil prosesini və məktəb mühitinin keyfiyyətini dəstəkləyən amil kimi qiymətləndirilə bilər.

Təhsil müəssisələrində daxili nizam-intizam qaydaları bütün şagirdlər və valideynlər üçün eyni dərəcədə tətbiq edilməlidir. Burada ayrı-seçkiliyə və məktəb mühitində süni fərqlərin yaranmasına yol verilməməsi mühüm əhəmiyyət daşıyır.

Məktəbdə geyim məsələsi yalnız geyim seçimi ilə məhdudlaşmır. Bu məsələ həm də təhsil, sosial adaptasiya və məktəb mədəniyyəti ilə bağlıdır. Şagirdin məktəb mühitinə uyğunlaşması, kollektivin bir hissəsi olduğunu hiss etməsi və ümumi qaydalara riayət etməsi bu yanaşmanın mühüm istiqamətlərindəndir.

Məktəb forması müəyyən edilərkən şagirdlərin yaş xüsusiyyətləri, rahatlığı və geyimin praktik istifadəsi nəzərə alınmalıdır. Forma həm təhsil mühitinin tələblərinə cavab verməli, həm də şagirdlərin gündəlik fəaliyyəti üçün əlverişli olmalıdır.

Bir sözlə, vahid məktəbli formasının əsas hədəfi məktəbə aidiyyət hissini gücləndirmək, şagirdlər üçün bərabər və vahid mühit yaratmaq, həmçinin təhsil müəssisəsində ümumi qaydalara və etik prinsiplərə uyğun şəraitin formalaşdırılmasına xidmət etməkdir.

Bu baxımdan təhsil müəssisəsində müəyyən edilmiş ümumi qaydalara və etik tələblərə uyğun olmayan, məktəb mühitində fərqlilik və sosial ayrı-seçkilik yarada biləcək geyimlərə yol verilməməsi təhsil mühitinin sağlam və nizamlı şəkildə qorunmasının tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə