"44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi" - ŞƏRH

"44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi" - ŞƏRH

"2020-ci ilin 44 günlük Vətən müharibəsi, əlbəttə ki, Azərbaycan xalqının iradəsini, Azərbaycan dövlətinin qüdrətini, Ali Baş Komandan İlham Əliyevin əzəmətini bütün dünyaya göstərdi. Yəni biz illər idi ki, ermənilərə və onların havadarlarına deyirdik ki, lazım gələrsə, güc yolu ilə məsələni kökündən həll edərik. Onlar bunu bizim zəifliyimiz kimi qəbul edirdilər, düşünürdülər ki, Azərbaycan sadəcə söz xatirinə bunu deyir, o qüdrətin sahibi deyil". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, hətta qonşu müsəlman İranda belə, bizim soyumuzdan olduğunu iddia edən bəzi imamlar, din xadimləri çıxıb Azərbaycanın qüdrətinin olmadığını məscidlərdə bəyan edirdilər:

"44 günlük Vətən müharibəsində Azərbaycan hansı qüdrətə sahib olduğunu, necə bir gücə malik olduğunu bütün dünyaya göstərdi. Eləcə də Ermənistanın arxasındakı Rusiyaya öz qüdrətini göstərmək məcburiyyətində qaldı.

Və bunun ardınca da 2023-cü ilin 19-20 sentyabr günlərində revanş götürmək istəyən ermənilərə və onların havadarlarına yenidən qüdrətimizi göstərməli olduq. Lokal antiterror əməliyyatı ilə Qarabağ bütövlükdə terrorçulardan, separatçılardan və işğalçılardan azad edildi. Rusiya sülhməramlı kontingenti də artıq sahədə edə biləcəyi bir şeyin qalmadığını anlayıb vaxtından əvvəl getməli oldu.

Yəni bütövlükdə bu savaş, 44 günlük müharibə, ardınca da antiterror əməliyyatı Azərbaycanın ilk dəfə 200 ildə öz ərazilərində bütün sərhəd boyu suverenliyini təmin etməsi ilə nəticələndi".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə