“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu Kamran Beydullayevi təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu Kamran Beydullayevi təqdim edirik

Geniş fəaliyyət sahəsi və müasir cərrahi yanaşma

Dr. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında canlı və meyit donordan böyrək və qaraciyər transplantasiyası, öd kisəsi və öd yollarının cərrahiyyəsi, mədəaltı vəzinin cərrahi müalicəsi, mədə, nazik və yoğun bağırsaq əməliyyatları, proktoloji əməliyyatlar, yırtıqların cərrahi müalicəsi, endokrin vəzilər və böyrəküstü vəzi əməliyyatlarını tibbi göstərişlərdən asılı olaraq açıq və ya laparoskopik üsulla icra edir. Həkimin peşəkar fəaliyyəti, zəngin təcrübəsi və transplantasiya sahəsində əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumatla Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində tanış ola bilərsiniz. https://customshospital.az/kamran-beydullayev/#

Azərbaycan səhiyyəsində mühüm ilklərə imza atıb

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı və transplantoloqu Dr. Kamran Beydullayev Azərbaycanda ilk dəfə canlı donordan böyrək transplantasiyası əməliyyatlarında donorun əməliyyatını laparoskopik (qapalı) üsulla icra edərək ölkə səhiyyəsində mühüm yeniliyə imza atıb.

2025-ci ilin fevral ayında isə Dr. Kamran Beydullayev qaraciyər transplantasiyası zamanı meyit donordan qaraciyərin götürülməsi, daha sonra isə meyit donordan böyrəyin götürülərək canlı resipiyentə köçürülməsi ilə bağlı əməliyyatlarda iştirak edərək Azərbaycan səhiyyə tarixində mühüm bir ilkə imza atıb.

Bu nailiyyətlər transplantologiya sahəsində müasir cərrahi yanaşmaların tətbiqi və orqan transplantasiyasının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Təhsildən beynəlxalq təcrübəyə uzanan yol

Dr. Kamran Beydullayev 1996-cı ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Ali tibb təhsilindən sonra ümumi cərrahiyyə üzrə internatura keçərək peşəkar fəaliyyətinə başlayıb.

2002–2007-ci illərdə Səudiyyə Ərəbistanında yerləşən Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə imtahanları uğurla verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu əldə edib.
Peşəkar inkişafını davam etdirən Kamran həkim 2008–2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib. Beynəlxalq təcrübə onun transplantasiya sahəsində bilik və bacarıqlarının daha da təkmilləşməsində mühüm rol oynayıb.

Uzunillik peşəkar fəaliyyət və elmi nailiyyətlər

Dr. Kamran Beydullayev 2007–2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan Transplantasiyası şöbəsində həkim-cərrah kimi fəaliyyət göstərib. 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi çalışır.

Dr. Kamran Beydullayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə