“Trampın daxili və xarici siyasəti respublikaçıların aralıq seçkilərdə mövqelərini zəiflədə bilər” - ŞƏRH

“Trampın daxili və xarici siyasəti respublikaçıların aralıq seçkilərdə mövqelərini zəiflədə bilər” - ŞƏRH

“ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə demokratların qalib gəlməsi ehtimalı var. Xüsusilə Donald Trampın Rusiya, Venesuela və Ukrayna ilə bağlı siyasətindəki ziddiyyətlər, Avropa ilə münasibətlərdə yaranan böhran, eləcə də İran məsələsindəki qeyri-müəyyənlik onun siyasi imicinə mənfi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu amillər nəticədə respublikaçıların aralıq seçkilərdə mövqelərini zəiflədə və demokratların qələbə qazanmasına şərait yarada bilər:

“Aparılan rəy sorğuları və respublikaçıların bir hissəsinin Trampın siyasətindən narazı qalması da bu prosesin onun əleyhinə işləyə biləcəyini göstərir. Eyni zamanda, Trampın qeyri-ardıcıl davranışları və qeyri-müəyyən bəyanatları ABŞ-ın qlobal strategiyası ilə bağlı suallar yaradır. Bu vəziyyət Rusiyanın beynəlxalq mövqelərini gücləndirmək üçün əlavə imkanlar əldə etməsinə də şərait yarada bilər. Bütün bunlar ABŞ-da siyasi narahatlığı artıran amillər sırasındadır.

Digər mühüm məsələ isə ölkə daxilində iqtisadi vəziyyət və enerji qiymətləridir. Benzin və dizelin bahalaşması, eləcə də vətəndaşların iqtisadi siyasətdən narazılığı Tramp administrasiyasına qarşı ictimai münasibətə mənfi təsir göstərə bilər. ABŞ-da seçicilərin gündəlik iqtisadi problemlərə həssas yanaşması aralıq seçkilərin nəticələrində mühüm rol oynaya bilər.

Buna görə də hesab edirəm ki, noyabr ayında keçiriləcək aralıq seçkilərdə respublikaçıların demokratlara məğlub olması mümkündür. Belə bir nəticə Donald Trampın daxili və xarici siyasətinə etimadın azalmasının göstəricisi ola, eyni zamanda, onun administrasiyasının Konqresdəki siyasi manevr imkanlarını məhdudlaşdıra bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə