“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
“Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial bərabərliyin qorunması, diqqətin xarici görünüşdən daha çox bilik və intellektual inkişafa yönəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, məktəb mühitində estetik zövqün, geyim mədəniyyətinin və davranış etikasının formalaşdırılması da təhsil prosesinin vacib istiqamətlərindəndir”
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə məktəbli forması, müəllimlərin geyim etikası və qadınların təhsilinin cəmiyyətdəki rolu ilə bağlı fikirlərini SİA ilə bölüşüb.
F.Əlizadə bildirib ki, məktəb, hər şeydən əvvəl, azad düşüncənin, elmin və incəsənətin inkişaf etdiyi, gənc nəslin mənəvi və intellektual baxımdan formalaşdığı mühüm ictimai məkandır. Onun sözlərinə görə, bu mühitdə vahid geyim formasının tətbiqi yalnız zahiri intizamın təmin olunması məqsədi daşımır, eyni zamanda, şagirdlər arasında sosial bərabərliyin qorunmasına və diqqətin xarici fərqlərdən mənəvi-intellektual dəyərlərə yönəldilməsinə xidmət edir.
Vahid məktəbli forması uşaqlarda erkən yaşlardan birgəyaşayış mədəniyyətinin, ahəngdarlıq və intizam anlayışlarının formalaşmasına töhfə verir. Bununla belə, fərdi zövqün və inancın hər bir insanın daxili dünyasının ayrılmaz hissəsi olduğunu nəzərə almaq vacibdir. Onun fikrincə, əsl mədəniyyət və dünyəvilik fərqliliklərin inkarında deyil, onların qarşılıqlı hörmət və humanist prinsiplər əsasında uzlaşdırılmasında təzahür edir.
F.Əlizadə vurğulayıb ki, gənc nəslin tərbiyəsində əsas məqsəd estetik duyğunun və azad düşüncənin inkişafına mane olmadan intizam prinsiplərini aşılamaqdır. O bildirib ki, müəllim yalnız bilik ötürən şəxs deyil, həm də zahiri görünüşü, davranışı və təmkinli duruşu ilə şagirdlərə nümunə göstərən pedaqoqdur. Bu baxımdan, müəllimin geyimi dərs prosesinin ciddiliyinə, təhsil müəssisəsinin ümumi mühitinə və estetik prinsiplərə uyğun olmalı, təmkin və zərifliyi əks etdirməlidir.
Xalq artistinin sözlərinə görə, cəmiyyətdə mənəvi dəyərlər yalnız zahiri formalar və müəyyən qəliblərlə deyil, dərin bilik, yüksək mədəniyyət və insani keyfiyyətlərlə ölçülməlidir. Gənc nəslə qaydalara riayət etməyi öyrətməklə yanaşı, onun sərbəst düşünmək və estetik duyumunu inkişaf etdirmək imkanlarını da qorumaq vacibdir.
Qadınların təhsili və cəmiyyətdəki mövqeyinə toxunan F.Əlizadə Azərbaycan maarifçiliyinin və musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin bu sahədəki fəaliyyətinin mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Üzeyir bəyin qadınların inkişafı, təhsili və ictimai həyatda layiqli mövqe tutması istiqamətində həyata keçirdiyi təşəbbüslər bu gün də əhəmiyyətini qoruyur.
Üzeyir Hacıbəyli Şərq qadınının intellektual inkişafını, elmdə, opera sənətində və ictimai həyatda fəal iştirakını mühüm məqsədlərindən biri hesab edirdi. Onun irsi insanın mənəvi dünyası ilə təhsil və mədəniyyətin qarşılıqlı əlaqəsini ön plana çıxarır. Bu irs göstərir ki, qadının həqiqi azadlığı və cəmiyyətdəki mövqeyi zahiri xüsusiyyətlərlə deyil, aldığı təhsillə, intellektual potensialı, mənəvi zənginliyi və cəmiyyətin inkişafına verdiyi töhfələrlə müəyyən olunur.
F.Əlizadə əlavə edib ki, bu ideallara sadiq qalaraq, gənc qızların və qadınların elm, incəsənət və mənəvi dəyərlər əsasında inkişafına dəstək göstərmək cəmiyyətin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB