Ailə büdcəsini ən çox sarsıdan gözlənilməz xərclər hansılardır? - AÇIQLANDI

Ailə büdcəsini ən çox sarsıdan gözlənilməz xərclər hansılardır? - AÇIQLANDI

Ailə büdcəsini ən çox sarsıdan gözlənilməz xərclər adətən böyük məbləğ tələb edən və əvvəlcədən planlaşdırılmayan ödənişlərdir. Buraya ilk növbədə qəfil tibbi xərclər, əməliyyat və müalicə haqları, dərman və müayinə xərcləri daxildir. Xüsusilə sığorta ilə qarşılanmayan tibbi xidmətlər ailənin aylıq büdcəsinə ciddi yük yarada bilər.

Bu sözləri SİA-ya Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

O sözlərinə belə davam edib: “Avtomobilin qəfil xarab olması da əhəmiyyətli xərc mənbəyidir. Mühərrik, sürətlər qutusu, elektron sistemlər və digər bahalı detalların sıradan çıxması bir neçə aylıq yığıma bərabər məbləğ tələb edə bilər. Eyni vəziyyət evdə soyuducu, paltaryuyan, kondisioner və ya digər əsas məişət texnikasının xarab olması zamanı da yaranır.

Ev təmiri ilə bağlı qəfil xərclər də ailə büdcəsini poza bilər. Su sızması, boruların partlaması, elektrik sistemi ilə bağlı problem, dam və ya istilik sistemi nasazlığı kimi hallar təxirəsalınmaz xərc tələb edir.

İş yerinin itirilməsi və ya gəlirin müvəqqəti azalması isə daha ciddi maliyyə riski yaradır. Çünki belə vəziyyətdə xərc birdəfəlik artmır, əksinə ailənin gəliri azalır və mövcud öhdəliklərin, xüsusilə kredit və kirayənin ödənilməsi çətinləşir.

Toy, yas, ailə üzvlərinə maliyyə yardımı və digər sosial öhdəliklər də Azərbaycanda ailələrin planlaşdırılmamış xərcləri arasında mühüm yer tutur. Bu xərclər əvvəlcədən dəqiq müəyyən edilmədiyi üçün bəzən ailəni borclanmağa vadar edir.

Bu səbəbdən ailə büdcəsində yalnız aylıq gəlir və gündəlik xərcləri deyil, fövqəladə hallar üçün maliyyə ehtiyatını da nəzərə almaq vacibdir. Gözlənilməz xərclərin ailə büdcəsini sarsıtmamasının ən effektiv yolu əvvəlcədən müəyyən məbləğdə ehtiyat fondunun yaradılmasıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə