Daim xalqın sağlamlığı keşiyində

Nizami Tibb Mərkəzində bir həkim var…

Respublikamız müstəqillik əldə etdiyi 30 ildə bütün sahələrdə inkişaf gedir. Bu müddət ərzində elm və təhsil, səhiyyə ocaqlarının yeni tələblər səviyyəsində qurulması prosesi uğurla həyata keçirilir. Vətəndaşların sağlamlığı keşiyində dayanan səhiyyə ocaqlarının inkişafında, günün tələblərinə cavab verəcək səviyyəyə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Həyata keçirilən unikal layihələr sayəsində bu gün insanlarımıza normal tibbi xidmət göstərilir.

Nizami Tibb Mərkəzinə yolum düşmüşdü, sağlamlığımla bağlı problemin həll edilməsi məqsədilə NZS qəsəbə ərazisində yerləşən bu səhiyyə ocağında şəfa tapacağıma ümidim böyük idi. Çünki vətəndaşların bu Tibb Mərkəzindən razılıq etdiklərinin dəfələrlə şahidi olmuşdum.

…Oftalmoloq həkimin qapısını döydüm, içəri daxil oldum. Həkim Aytac Rəfizadənin xoş münasibətindən, xəstə ilə söhbətindən bir başqa şəfa tapdım. Məni müayinə etdi, dərmanlar yazdı, məsləhətlərini verdi və əlbəttə, məni sağlamlığıma qovuşduracaq dərmanların vaxtlı-vaxtında qəbul etməyim üçün tövsiyyələrini də unutmadı.

Hörmətli oxucular “həkim-xəstə münasibətləri məhz belə olmalıdır”, deyə bilərlər. Amma əvvəllər əks mənzərənin şahidi olurduq. Bu gün isə həkimlərin nəvazişi, pasientlərlə nəzakətli davranışı, bütün bilik və bacarığını ortaya qoyması və nəhayət, xəstələrin şəfa tapmasına nail olması yeni yanaşmadan xəbər verir. Bununla səhiyyəmizin inkişafından, gələcək uğurlarından danışa bilərik.

Həhayət, Aytac xanımın şəfalı əlləri məni sağlamlığıma qovuşdurdu, gözlərimdə yaranmış problemləri aradan qaldırdı. Həkimə “çox sağ olun” deməkdən başqa çarəm qalmadı. Nə yaxşı ki, öz peşəsinə hörmət edən, Hippokrat andına, məsləkinə, məramına sadiq qalan, insanların sağlamlığı keşiyində dayanmağı həyatının mənası hesab edən həkimlərimiz var. Var olun, həkimlərimiz!

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə