Valideynlərin uzun iş saatları uşaqların psixoloji inkişafına necə təsir edir? - PSİXOLOQ DANIŞDI

Valideynlərin uzun iş saatları uşaqların psixoloji inkişafına necə təsir edir? - PSİXOLOQ DANIŞDI

"Son dövrlərdə hər iki valideynin işləməsi, uşaqların evdə daha yaşlı ailə üzvləri ilə, dayələrin yanında qalması və ya çox erkən yaşlarından məktəbəqədər təhsil müəssisələrinə göndərilməsi uşaqlara həm müsbət, həm də mənfi təsir göstərə bilər".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, müsbət tərəfi ondan ibarətdir ki, uşaq bağçaya gedirsə, erkən yaşlardan inkişaf edə, ünsiyyət bacarıqlarını formalaşdıra və yaşıdları ilə daha rahat münasibət qura bilər. Evdə dayənin, nənənin və ya babanın yanında qaldıqda isə daha çox qayğı və nəvaziş görə bilər. Bu da uşağın özünü rahat və güvəndə hiss etməsinə kömək edir:

"Lakin müəyyən yaşdan sonra uşağın valideynləri ilə vaxt keçirməyə, onların diqqətini hiss etməyə və birlikdə olmağa tələbatı artır. Bu ehtiyac kifayət qədər qarşılanmadıqda, bəzi uşaqlarda diqqət çatışmazlığı, davranış problemləri, nitq və ünsiyyət çətinlikləri müşahidə oluna bilər. Bəzi uşaqlar yaşıdlarından geri qala, digərləri isə valideynlərinə qarşı aqressiv davrana bilərlər. Onların qışqırması və müxtəlif davranışlarla diqqət çəkməyə çalışması bəzən emosional ehtiyaclarını ifadə etmək üsulu olur.

Belə uşaqların təhsil göstəriciləri də fərqli ola bilər. Bəziləri dərslərində çox uğurlu olur, digərləri isə çətinlik çəkirlər. Bütün bunlar uşağın fərdi xüsusiyyətlərindən, inkişaf mühitindən və valideyn diqqətinə olan ehtiyacının nə dərəcədə qarşılanmasından asılıdır. Evdə böyüyən bəzi uşaqlar yaşıdları ilə ünsiyyət qurmaqda da çətinlik çəkə bilərlər. Bununla belə, bu hallar bütün uşaqlarda müşahidə olunmur.

Düşünürəm ki, valideynlər nə qədər işləsələr və məşğul olsalar da, övladlarına vaxt ayırmağı bacarmalıdırlar. Gün ərzində imkan daxilində 40 dəqiqə və ya bir saat yarım uşaqlarla keyfiyyətli vaxt keçirmək, onlarla söhbət etmək, oyun oynamaq və gündəlik yaşantıları ilə maraqlanmaq çox vacibdir. Bununla yanaşı, həftənin ən azı bir gününü ailəvi fəaliyyətlərə və uşaqlarla birgə vaxt keçirməyə ayırmaq faydalı olar.

Çünki zaman keçdikcə uşaqlar yeniyetməlik dövrünə çatırlar. Əgər erkən yaşlardan valideynlərlə övladlar arasında emosional bağ və qarşılıqlı etimad formalaşmayıbsa, yeniyetməlik dövründə uşaqlar ünsiyyətdən uzaqlaşa, özlərinə qapana və valideynləri ilə münasibətlərini məhdudlaşdıra bilərlər. Belə bir mərhələdə uşağın etimadını yenidən qazanmaq və onunla yaxın münasibət qurmaq daha çətin olur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə