Məşhurlar “Ötən əsrin nəğməsi”ni yada salacaqlar-FOTOSESSİYA

İctimai kanalda yayımlanan "Bir mahnının tarixçəsi" adlı verilişin aparıcısı kimi tanınan Könül Arifqızı yaxın günlərdə daha bir maraqlı tele-layihəsi ilə tamaşaçıların görüşünə gələcək. Yenə də İctimai kanalda yayımlanacaq veriliş "Ötən əsrin nəğməsi" adlanır.


"Adından da göründüyü kimi, verilişdə ötən əsrin ən populyar nəğmələri səslənəcək. Ən maraqlısı odur ki, təkcə azəri mahnıları deyil, həm də dünya ölkələrinin ötən əsrin 50-ci illərindən bəri dillər əzbəri olmuş mahnılar bizim müasir müğənnilərimizin ifasında təqdim olunacaq. Həftədə bir dəfə yayımlanacaq verilişdə hər dəfə 4 mahnı-2 azəri, 2 xarici mahnı oxunacaq. İlk buraxılışı mayın 13-ü nəzərdə tutulmuş proqramda tamaşaçılar müğənnilərdən əməkdar artistlər Ədalət Şükürov, Abbas Bağırov, Zaur Əmiraslanov və Samir Cəfərovun ifasını dinləyə biləcəklər". Bu sözləri SİA-ya verilişin müəllifi və aparıcısı Könül Arifqızı deyib.


Söhbət zamanı onu da öyrəndik ki, artıq 5 veriliş çəkilib. İlk verilişdə qonaq və ekspert qismində xalq artistləri Natəvan Şeyxova, Siyavuş Kərimi, Rauf Babayev və digər məşhur simalar iştirak edib. Veriliş boyunca hər ifadan sonra onlar öz fikirlərini, təəsüratlarını bölüşüblər. Bir məqamı da nəzərinizə çatdıraq ki, bəzi müğənnilər çəkilişdə iştirak etməkdən boyun qaçırıblar. Səbəbi K. Arifqızı belə açıqladı: "Çəkilişdən boyun qaçıran müğənniləri başa düşürəm. Onlara oxumaları üçün təqdim etdiyimiz xarici mahnılar çətin olduğundan oxumağa risk edə bilmədilər. Ancaq təklifi qəbul edib, təqdim olunan hər mahnının öhdəsindən gələn cəsarətli müğənnilərimizə eşq olsun deyirəm".


Onu da qeyd edək ki, verilişin prodüseri Faiq Hüseynov, rejissoru isə Ceyhun Kərimovdur.


Bütün xəbərlər Facebook səhifəmizdə