“Qafqaz Albaniyası tariximizdən kənarda saxlanılmamalıdır” - Fərhad Məmmədov

“Qafqaz Albaniyası tariximizdən kənarda saxlanılmamalıdır” - Fərhad Məmmədov

“Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin dövlətçilik ənənələrinin varisləriyik. Müxtəlif dövrlərdə bu ərazilərdə çoxsaylı dövlətlər mövcud olub və onların hər birinin tarixindən gələn izləri daşıyırıq. Bu, hər ölkəyə nəsib olmayan qədim dövlətçilik ənənəsidir”.

SİA xəbər verir ki, bu sözləri BMTMM-in İdarə Heyətinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Qafqaz Albaniyasının Azərbaycan dövlətçilik tarixinin ümumi kontekstindən kənarda saxlanılması məsələsi xüsusi araşdırma tələb edir. Onun sözlərinə görə, digər tarixi dövlətlərin müəyyən qədər tarixşünaslıqda öz yerini tapmasına baxmayaraq, Qafqaz Albaniyasının tarixi ilə bağlı uzun müddət fərqli yanaşmalar mövcud olub.

F.Məmmədov qeyd edib ki, bu məsələdə dini amilin də müəyyən rolu olub. O, xristianlığın VII əsrdən sonra bölgədə tamamilə aradan qalxması ilə bağlı yanaşmaların mövcud olduğunu, lakin regionun tarixində xristian irsinin mövcudluğunu təsdiqləyən çoxsaylı faktların olduğunu bildirib.

BMTMM rəsmisi vurğulayıb ki, Qafqaz Albaniyasının tarixinin Azərbaycan tarixinin tərkib hissəsi kimi araşdırılması yalnız dini irslə deyil, həm də dövlətçilik tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, Azərbaycan tarixçiləri hələ XX əsrin ortalarından etibarən Qafqaz Albaniyası ilə bağlı müxtəlif konsepsiyalara münasibət bildirərək bu istiqamətdə araşdırmalar aparıblar.

F.Məmmədov əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan araşdırmalar Qafqaz Albaniyası irsinin öyrənilməsi üçün yeni imkanlar yaradıb. O, tarixi mənbələrə çıxışın və həmin ərazilərdə birbaşa tədqiqat aparmaq imkanının genişləndiyini qeyd edərək, əldə olunan nəticələrin beynəlxalq elmi mühitdə təqdim edilməsinin vacibliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə