Əməkdaşlığın genişləndirilməsinə böyük töhfə

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Belarus Respublikası coğrafi baxımdan ölkəmizdən uzaqlarda yerləşsə də, Şərqi Avropanın bir parçası olan bu dost olkəyə uzanan yollar heç vaxt üzümüzə bağlı olmayıb. Hələ keçmiş Sovetlər birliyi dönəmində də bu ölkə ilə mədəni, iqtisadi əlaqələrimiz güclü olub. Azərbaycan və Belarus xalqlarının dostluğuna-qardaşlığına aid çoxsaylı bilgilərə istinad edərək bu münasibətlərin yetərli olduğunu söyləyə bilərik. İkinci Dünya müharibəsində xalqımızın say-seçmə oğul və qızlarının Belarus torpağının düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə şəhid olması elə bu qarşılıqlı dostluğun ən bariz nümunələrindən biri kimi tarixin yaddaşında yaşamaqdadır.

İyirminci yüzilliyin sonlarına yaxın “sovetlər imperiyası” tarixin arxivinə qavuşandan sonra da həm Azərbaycan, həm də belarus xalqları müstəqil dövlətlər birliyi çevrəsində iqtisadi, mədəni, siyasi və ticarət əlaqələrini davam etdirmiş, bir-birlərinə daha da yaxınlaşmışlar. Əlbəttə ki, xalqlar arasında zaman-zaman davamını tapan dostluq əlaqəsinin formalaşmasında və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mövcud olan səmimi münasibətlər xüsusi rol oynayır. Bu gün hər iki dövlər başçılarının səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O cümlədən mayın 16-da Belarus Prezidentinin ölkəmizə etdiyi dövlət səfəri də ölkələrimiz arasında siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Görüşdə dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını müfəssəl şəkildə təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər.

Azərbaycan və Belarus Prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Bu zəmində yaranan münaqişələr isə, bir qayda olaraq öz həllini tapmır. Lakin Azərbaycan 30 il bundan əvvəl öz istəyinin tam əksinə olaraq cəlb olunduğu hərbi münaqişəni beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasına, bütün region ölkələrinin sürətli iqtisadi inkişaf yoluna çıxmalarına əlverişli zəmin yaratdı. Bu gün ölkəmiz regional sülhü qorunmağa, Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlamağa qadir olan güclü lider ölkədi.

Belarus dövlət başçısının Bakıda Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını dərin ehtiramla yad etməsi və Şəhidlər xiyabanını ziyarət etməsi bu dostluğun qardaşlıq səviyyəsində də bir təcəssümüdür. İki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması və Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə birgə Füzuliyə və Şuşaya gələrək buradakı reallıqlarla tanış olması isə dost ölkənin Qarabağın yenidən inşasında təkcə sözdə deyil, əməldə də Azərbaycanın yanında olduğunu və dövlətimizin bu çətin vəzifəni bacaracağına əminliyini ifadə edirdi. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd olunduğu kimi, dövlət səfəri hər zaman həm forma, həm də məzmun etibarilə həmişə fərqli olur. Bu gün də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Aparılan müzakirələr, imzalanmış sənədlər isə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə