"Turist məmnuniyyəti region turizminin əsas şərtidir” - ŞƏRH

"Turist məmnuniyyəti region turizminin əsas şərtidir” - ŞƏRH

"İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanın regionlarında turistlərin müxtəlif kateqoriyalarına və onların maddi imkanlarına uyğun fərqli qiymət siyasəti mövcuddur". Bu fikirləri xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, qiymətlərin müxtəlif olması təsadüfi deyil: "Burada əsas amillər sırasında hotelin ulduz kateqoriyası, göstərilən xidmətlərin keyfiyyəti, otaqların şəraiti, qidalanma imkanları, əlavə xidmətlərin sayı və turistlər üçün yaradılan ümumi komfort mühiti dayanır. Bu baxımdan regionlarda həm daha münasib qiymətə xidmət göstərən obyektlərə, həm də yüksək səviyyəli və premium xidmətlər təqdim edən hotellərə rast gəlmək mümkündür.

Turizm sektorunda qiymət qədər xidmətin keyfiyyəti də mühüm əhəmiyyət daşıyır. Turist üçün yalnız münasib qiymət təklif etmək kifayət etmir. Əsas məsələ həmin qiymətin qarşılığında keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsidir. Xüsusilə regionlarda turistlərin daha çox cəlb olunması üçün onların istirahətini maraqlı və yaddaqalan edən müxtəlif əyləncə və asudə vaxt proqramlarının təşkilinə diqqət yetirilməlidir. Milli mətbəxin təqdimatı, təbiət gəzintiləri, ekoturizm imkanları, müxtəlif mədəni tədbirlər, yerli adət-ənənələrlə tanışlıq və ailələr üçün nəzərdə tutulan əyləncə proqramları turistlərin regionlara marağını əhəmiyyətli dərəcədə artıra bilər.

Bununla yanaşı, qidalanma məsələsi də turizm xidmətlərinin əsas komponentlərindən biridir. Turistlərə sanitar-gigiyenik normalara tam cavab verən, keyfiyyətli və təhlükəsiz qida məhsullarının təqdim olunması vacibdir. Xüsusilə regionlarda yerli və milli mətbəx nümunələrinin müasir təqdimat formasında turistlərə təqdim edilməsi həm onların məmnunluğunu artırar, həm də Azərbaycanın kulinariya turizminin inkişafına töhfə verə bilər.

Digər mühüm məqam isə turistlər üçün əsl qonaqpərvərlik və komfort mühitinin yaradılmasıdır. Turist özünü rahat və təhlükəsiz hiss etdiyi, xidmət səviyyəsindən razı qaldığı məkanda daha uzun müddət qalmağa üstünlük verir. Bu baxımdan personalın peşəkarlığı, xidmət mədəniyyəti, təmizlik, təhlükəsizlik, nəqliyyat əlçatanlığı və turistlərin ehtiyaclarına operativ cavab verilməsi xüsusi əhəmiyyət daşıyır.

Turist üçün yaradılan şərait onun gözləntilərinə, ehtiyac və tələbatlarına nə qədər çox cavab verirsə, həmin şəxsin məkana yenidən səfər etmək və yaşadığı müsbət təcrübəni digər insanlarla bölüşmək ehtimalı da bir o qədər artır. Müasir dövrdə turist məmnuniyyəti yalnız həmin şəxsin yenidən gəlməsi baxımından deyil, həm də regionun tanıdılması baxımından əhəmiyyətlidir. Çünki turistlərin şəxsi tövsiyələri və sosial şəbəkələrdə paylaşdıqları müsbət təəssüratlar yeni turistlərin cəlb olunmasına ciddi təsir göstərə bilir.

Ona görə də Azərbaycanın regionlarında turizmin daha da inkişaf etdirilməsi üçün yalnız hotellərin sayının artırılması deyil, eyni zamanda xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qiymət və xidmət arasında optimal balansın yaradılması, əyləncə imkanlarının genişləndirilməsi, qida təhlükəsizliyinin təmin olunması və turistlər üçün rahat infrastrukturun formalaşdırılması vacibdir. Bütün bu amillərin kompleks şəkildə həyata keçirilməsi regionların turizm potensialından daha səmərəli istifadə etməyə və Azərbaycanın daxili və xarici turistlər üçün daha cəlbedici destinasiya kimi mövqeyini gücləndirməyə imkan verə bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə