"Vizasız rejim və birbaşa uçuşlar Azərbaycana turist axınını artıra bilər" - TURİZM EKSPERTİ

"Vizasız rejim və birbaşa uçuşlar Azərbaycana turist axınını artıra bilər" - TURİZM EKSPERTİ

"Son dövrlər Azərbaycan bir çox ölkələrlə viza prosedurlarını sadələşdirir, qarşılıqlı vizadan azad olunma ilə bağlı qərarlar qəbul edilir. Bu, istənilən halda dövlətlərin yaxınlaşması baxımından doğru mesajdır. Eyni zamanda, bu cür prosedurlar ölkələr arasında siyasi və iqtisadi əlaqələrin, eləcə də turizm müstəvisində qarşılıqlı səfərlərin sayının artmasına səbəb olan amillərdəndir". Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, təbii ki, bununla yanaşı, ən vacib məsələlərdən biri də insanların hər hansı ölkəyə səyahət etmək qərarına birbaşa təsir göstərən amillərlə bağlıdır: "Burada əsas məqamlardan biri həmin məkanın daha əlçatan olması, daha əlverişli şərtlərlə və rahat şəkildə həmin destinasiya çatma imkanının yaradılmasıdır.

Bu mənada təyyarə biletlərinin qiymətləri və birbaşa uçuşların mövcudluğu ən vacib şərtlərdən biridir. İnsanlar hər hansı yerə səyahət etmək qərarı verərkən bu amillər, demək olar ki, birbaşa təsir göstərir.

Ona görə də Azərbaycanın son dövrlərdə birbaşa uçuşların sayını artırması müsbət haldır. Hazırda, deməzdim ki, Azərbaycana gəlmək üçün uçuşların qiymətləri o qədər də əlverişlidir. Ümid edirik ki, gələcəkdə bununla bağlı, xüsusilə də yeni qəbul olunmuş turizmin inkişaf proqramında nəzərdə tutulan beynəlxalq hava limanlarından səmərəli istifadə olunması və daha əlverişli, əlçatan qiymətlərin təmin edilməsi istiqamətində nəticələr əldə edəcəyik.

Birbaşa uçuşlarla yanaşı, əlverişli qiymətlərin də təmin olunması ölkəyə gələn turistlərin sayını ciddi şəkildə artıra bilər.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə