Azad olunmuş ərazilərdə turizm baxımından hansı işlər görülür? - QURUM RƏSMİSİ DANIŞDI

“İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı ilə bağlı çoxistiqamətli işlər görülür. Bu istiqamətlərə həm turizm potensialının qiymətləndirilməsi və strateji sənədlərin hazırlanması, həm infrastruktur layihələrinin planlaşdırılması və reallaşdırılması, həm də Qarabağın turizm destinasiyası kimi beynəlxalq arenada tanıdılmasını aid edə bilərik. Bildiyiniz kimi, Şuşaya mart ayından etibarən turlar təşkil olunur. Bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Suqovuşan istirahət parkının açılışı oldu. Bütün bunlar Qarabağda görülmüş real işlərə misaldır”. Bu sözləri SİA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib.

Onun sözlərinə görə, eyni zamanda, Ağdamda Şahbulaq qalası ətrafında, Tuğda, Hadrutda, Daşaltıda infrastruktur layihələrinin planlaşdırılması işləri gedir: “Tezliklə bu layihələrin də reallaşdırılmasının şahidi olacağıq”.

“Dövlət Turizm Agentliyi iştirak etdiyi bütün beynəlxalq sərgilərdə və digər tədbirlərdə Qarabağın turizm potensialının tanıdılması istiqamətində müvafiq işlər həyata keçirir. Milli stendlərimizdə mütləq surətdə Şuşa və digər ərazilərin fotoları, video-çarxı, çap materialları, o cümlədən, elektron materialları öz yerini tutur. Bir sözlə, bildiyimiz bütün marketinq və təbliğat işlərində hər zaman Qarabağ mövzusu vurğulanır”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə