Azərbaycanda dəniz turizminin inkişafına nə mane olur? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə, 2016-cı ildə qəbul olunmuş ixtisaslaşmış turizmdə dövlət yol xəritəsində dənizin imkanlarından turizm məqsədləri üçün istifadə olunması ilə bağlı fikirlər qeyd olunub. Bizim Xəzər dənizi sahilində yerləşməmiz, böyük bulvar ərazimizin olması, dənizdə turistik gəmilərlə səyahətlərin həyata keçirilməsi turistlər üçün də çox maraqlı ola bilər. Bu nümunələr digər dənizkənarı ölkələrdə artıq mövcuddur. Həmin nümunələrdən istifadə edərək biz də turistik məhsullar yarada bilərik". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, Azərbaycana səfər edən turistlər burada qaldığı müddətdə dəniz turizmindən istifadə edərək öz vaxtlarını əyləncəli və səmərəli keçirə bilərlər: "Hazırda ölkədə dəniz turizminin inkişafı üçün ciddi icazələr lazımdır. Bununla bağlı müxtəlif qurumlar razılıq verməlidir. Səmərəli təkliflər hazırlanmalıdır ki, dəniz turizminin həyata keçirilməsi üçün hər hansı bir əngəl olmasın".

Ekspert sözlərinə davam edərək bildirib ki, istər turistik gəminin dənizə buraxılışı, istər onun marşrutunun müəyyən olunması, fəaliyyət istiqaməti və s. qurumlar arasında bir əməkdaşlıq nəticəsində təmin olunmalıdır: "Hesab edirəm ki, əgər bu bürokratik məsələlər bir qədər sadələşərsə və bu sahədə sahibkarlar üçün maraqlı şərait yaradılarsa ölkədə dəniz turizminin inkişafını qısa müddətdə ərsəyə gətirmək olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə