Sosial layihələrin davamlılığı xalqın dövlətə olan inamını artırır

Keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində qazanılan müstəqillikdən sonra 2020-ci ilin sonunda ilk dəfə tam ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycan dövləti daima şəhid ailələrinə və fiziki sağlamlığını itirən şəxslərə xüsusi diqqət ayırmışdır. Vətən müharibəsi başlanan anadək bu diqqət və qayğı həmçinin Heydər Əliyev Fondu, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən də həyata keçirilirdi. Beləliklə, əminliklə demək olar ki, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində işlərin görülməsi daim dövlətimiz üçün prioritet olaraq təyin olunmuşdur. Əlbəttə ki, bu həm də xalqın dövlətə olan inamının və etibarının artırılmasında mühüm rol oynamışdır. Döyüşə girən hər əsgər başa düşürdü ki, arxada qoyduğu ailəsi onun dövlətinə əmanətdir. Üstəlik bu dəstək, təkcə şəhid ailələri və qazilərə deyil, Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin ailəsinə şamil olunur. Dünyanın heç bir ölkəsində olmayan bu həssaslıq dövlətimizin öz vətəndaşına olan diqqət və qayğısının göstəricisidir.

Qürur hissi ilə qeyd etmək istərdim ki, qələbəmiz milli həmrəyliyimizin təzahürü idi. Bu qələbənin həsrətini biz 30 il gözlədik. Addım-addım bu qələbəyə doğru irəlilədik. 30 illik keşməkeşli, ağrı-acılarla dolu olan yolun sonu isə möhtəşəm qürur hissləri ilə sona çatdı. Bu qələbə minlərlə igid oğullarımızın qanı-canı bahasına başa gəldi. 3 minədək qəhrəman oğlumuz şəhidlik zirvəsinə ucaldı, 10 minədək soydaşımız yaralanaraq sağlamlığını itirdi. Münaqişə dövrünün hər bir çağında şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı nümayiş etdirən dövlətimiz Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı tədbirləri gücləndirmək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirdi. Bu təşəbbüslər sırasında ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan “YAŞAT” Fondunu göstərmək olar. Fəaliyyətini əməli işlərdə sübuta yetirən Fond qısa zaman ərzində toplanılan ianələrlə bir çox yardımlar həyata keçirmiş, bir çox şəhid ailəsinə dəstək olmuş, qazilərimizin müalicəsində və onların psixoloji durumunun yaxşılaşdırılmasında müstəsna əhəmiyyətli işlər görmüşdür. Qeyd edək ki, Fondun fəaliyyətinin şəffaflığı xalqın dövlətə olan inamını və etibarını da artırmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan daha bir Fond isə “Qarabağ Dirçəliş Fondu”dur. Fondun yaradılması Vətən müharibəsi dövründə əldə olunan milli birliyimizə töhfədir. Fond işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması ilə yanaşı maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsində, ölkə daxilində və ölkə xaricində təşviqat işlərinin aparılmasında və digər məsələlərdə fəaliyyəti ilə həyata keçiriləcək layihələrə öz töhfəsini verəcəkdir. Dövlətimizin Qarabağ siyasətinin təzahürü olan Fondun dəstəyi ilə abadlıq işləri ilə yanaşı sosial layihələrin icrası bölgənin inkişafına və bu ərazilərə qayıdan insanların həyat şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Təəssüflər olsun ki, birinci Qarabağ müharibəsi və ümumilikdə münaqişə boyu olduğu kimi mənfur düşmən mülki əhaliyə qarşı törətdiyi terror əməllərini Vətən müharibəsi dövründə də davam etdirdi. Gəncəyə, Bərdəyə, Tərtərə, Mingəçevirə və digər münaqişə zonasından uzaq ərazilərimizə ard-arda hücumlar olundu və mülki əhaliyə külli miqdarda ziyan vuruldu. Ancaq dövlətimiz bu məsələdə də xalqını tək buraxmadı. Daha əvvəl 2016-cı ilin Aprel döyüşlərindən və Tovuz hadisələrindən sonra olduğu kimi Vətən müharibəsindən sonra da dövlətimiz zərər görmüş əhaliyə dəyən ziyanı qarşılamaqdadır. Ölkə başçısının müvafiq göstərişləri ilə zərər çəkən vətəndaşlara maliyyə yardımları göstərilir, onların problemlərinin həllində dövlət strukturları iştirak edir.

Həyata keçirilən sosial layihələrin həcmi bir daha sübut edir ki, Vətən müharibəsinin hər bir iştirakçısı dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqdır. Tarixi qələbəmizi igid oğullarımzın canı, qanı bahasına əldə edən xalqımız bir daha əmin oldu ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır.

Müslümov Loğman

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

müavini (dini qurumlarla işin təşkilatçısı)

Bütün xəbərlər Facebook səhifəmizdə