Yetkinlik yaşına çatmayan şəxsin Azərbaycan Respublikasından xaricə aparılması zamanı valideyn razılığı məsələsi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə tənzimlənir.
Bu sözləri SİA-ya vəkil Səma Əhmədova deyib.

O bildirib ki, Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş istisnalar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, onu övladlığa götürən şəxs, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Məcəllənin 11.2-ci maddəsinə görə, uşaq ölkədən valideynlərdən yalnız biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi tələb olunur. Valideyn razılığı notarius tərəfindən təsdiq edilmiş yazılı ərizə şəklində rəsmiləşdirilir. Həmin ərizədə, bir qayda olaraq, uşağın şəxsiyyəti, səfərin istiqaməti və razılıq verən valideynin iradəsi əks olunur:
“Əgər valideynlərdən biri razılıq verməkdən imtina edərsə və ya onun razılığını almaq mümkün olmazsa, məsələ məhkəmə qaydasında həll edilir. Bu halda maraqlı şəxs məhkəməyə müraciət edərək uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına icazə verilməsi barədə qərarın qəbul edilməsini xahiş edə bilər. Məhkəmə işin halları, uşağın maraqları və təqdim olunmuş sübutlar əsasında müvafiq qərar qəbul edir.
Beləliklə, uşağın xaricə aparılması zamanı əsas qayda digər valideynin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin alınmasıdır. Bu mümkün olmadıqda isə qanun həmin razılığı əvəz edən məhkəmə qərarının əldə edilməsinə imkan verir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB