Çildaq insana faydalıdırmı? - MÜNASİBƏT BİLDİRİLDİ

“Çildağın əsli-kökü dinə əsaslanmır”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, çildağ xalq təbabətinə, ya deyək xalq psixoterapiyasına aid olan bir şey olduğu üçün dini mövzu deyil: “Yəni, dinimizdə çıldağ etmək vacibdir, ya haramdır, ya müstəhəbdir, ya məkruhdur, olar-olmaz deyə bir hökm yoxdur. Sadəcə dinimizdə qadağan edilmədiyi üçün kimsə deyə bilməz ki, çıldağ etmək dini baxımdan haramdır”.

Mircəfər Əyyubov sözlərinə belə davam edib: “Xalq arasında yayılmış bir qorxu götürmək çarəsi kimi qələmə verilir. Etdirənlərin fikri budur ki, effekti də var və təcrübə göstərir ki, effektinin olması normaldır. Çünki adətən panikatak yaşayan insanlar bir hadisəyə ilişib qalanlar, bir hadisədə qapalı qalanlar yumşaq ifadələrlə, mülayim sözlərlə, təşviqat, təbliğatla o bağlı olduqları, qapalı olduqları mövzudan çıxmaq istəmirlər. Belə hallarda onları bir növ diksindirir (yəni, türkdilli diksindirmək demirəm, Azərbaycan dilində diksindirmək. Son vaxtlar Azərbaycanda iyrənməyə diksinmək deyirlər. Azərbaycan dilində diksinmək bir şeydən qorxub yerindən tərpənmək, titrəmək, sıçramaq bir şeydən qorxanda adam necə diksinir). Nəticədə insan o panikadan uzaqlaşa bilir. Təsirini qəbul edirlər. Bir növ hicama kimi bir şeydir. Yəni, hicama tibbi qanalma deyil, xalq təbabətindən qaynaqlanan bir qanalma növüdür. Əlbəttə hicama haqqında hədislər də var, onu bəyənən hədislər var. Amma çıldağ sadəcə insanları dağlayırlar, yəni, qızdırılmış bir parçanı insana vururlar. Qədim zamanlarda ruhi xəstələri, dəliləri dağlayırdılar. Amma indi qorxan adamlar, qorxuları keçməyən adamlara bunu edirlər. Nəsildən-nəslə keçən bir şey kimidir, yəni, ötürülür onun kitabı yoxdur. Sadəcə təcrübədən-təcrübəyə ötürülür. Adətən də ağsaqqallar, ya onların öyrətdiyi insanlar, ya ağbirçəklər bunu edirdilər. Azərbaycanda məşhur Mərdəkan kəndində adətən Çıldağ olur. Başqa kəndlərdə də ola bilər. Əsasən Bakı zonasına aid olan bir şeydir. Dini əsası yoxdur. Din haram da etmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə