Həşərat sancmasından və dişləməsindən necə qoruna bilərik? – DERMATOLOQ DANIŞDI

Həşərat sancmasından və dişləməsindən necə qoruna bilərik? – DERMATOLOQ DANIŞDI

”Həşərat sancmaları yay mövsümündə daha çox müşahidə olunur. İnsanlar müxtəlif yerlərə səyahət etdikləri üçün bu məsələdə diqqətli olmalıdırlar”.

Bu fikirləri SİA-ya açıqlamasında dermatoloq-kosmetoloq Pərviz Dadaşov bildirib.

Onun sözlərinə görə, həşərat sancmaları yüngül allergik reaksiyalardan tutmuş həyati təhlükə yaradan vəziyyətlərə qədər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:

“Ən yüngül halda, məsələn, bit və ya birə dişləmələri nəticəsində həmin nahiyədə qızartı, qaşınma, yüngül şişkinlik və bəzən kiçik suluqlar meydana gələ bilər. Bu reaksiyalar adətən dərinin lokal qıcıqlanması ilə əlaqədar olur. Belə hallarda həmin bölgəyə soyuq kompres tətbiq etmək, qaşınmanı azaltmaq üçün antihistamin tərkibli məlhəmlərdən istifadə etmək və lazım gəldikdə həkim məsləhəti ilə steroid tərkibli yerli preparatlar tətbiq etmək tövsiyə olunur.

Lakin bəzi hallarda həşərat sancmaları daha güclü allergik reaksiyalara səbəb ola bilər. Bu zaman dəridə sürətlə artan qızartı, geniş sahəyə yayılan şişkinlik, güclü qaşınma ilə yanaşı ümumi vəziyyətdə də dəyişikliklər müşahidə oluna bilər.

Daha irəliləmiş formalarda isə anafilaksiya adlandırdığımız ağır allergik reaksiya inkişaf edə bilər. Bu vəziyyət çox qısa müddətdə ortaya çıxaraq tənəffüs yollarında daralma, nəfəs darlığı, boğulma hissi, səsin dəyişməsi, ürəkdöyünmənin sürətlənməsi, arterial təzyiqin düşməsi, başgicəllənmə, huşun itirilməsi və hətta həyat üçün təhlükəli nəticələrlə özünü göstərə bilər.

Belə halların qarşısının alınması üçün vacib məqam hər bir insanın öz allergik statusunu bilməsidir. Əgər şəxs hər hansı həşərat sancmasına qarşı əvvəlcədən reaksiyaya meyillidirsə və ya anafilaksiya riski varsa, bu barədə məlumatlı olmalı, riskli bölgələrə səfər edərkən isə təcili yardım üçün nəzərdə tutulmuş dərmanları (məsələn, antihistamin preparatlar və adrenalin avtoinjektoru kimi vasitələri) özü ilə daşımalıdır ki, qəfil reaksiya zamanı vaxtında müdaxilə etmək mümkün olsun.”

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə