"Azərbaycan Prezidentinin qardaş Türkmənistana səfəri həm Türkmənistan-Azərbaycan ikitərəfli münasibətləri, həm də Özbəkistan-Azərbaycan-Türkmənistan üçtərəfli əməkdaşlıq kontekstində tarixi və strateji əhəmiyyət daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, uzun illər boyunca ortaq coğrafiyamızın resursları milli iradədən kənar şəkildə müxtəlif qüvvələr tərəfindən istismar olunub və milli maraqlarımıza uyğun istifadə edilməsinə əngəllər yaradılıb: "Son 200 illik tarixə baxsaq, Türkistan coğrafiyasından Cənubi Qafqazadək ortaq siyasi keçmişimizin olduğunu aydın görmək mümkündür. İndi münasibətlərimizi bu tarixi məcraya qaytarmaq üçün yeni imkanlar yaranıb.
Bu imkanlar öz-özünə yaranmır; dünyanın mürəkkəb mərhələsində Türk dövlətlərinin liderləri parlaq idarəçilik nümayiş etdirirlər ki, bu da gələcək üçün böyük əhəmiyyət kəsb edir. Qardaş Türkmənistanın parlament rəhbərinin mövcudluğu Türkmən xalqı üçün şansdır. Azərbaycan prezidentinin yaratdığı yeni imkanlar isə xalqımız üçün tarixi fürsətdir. Qardaş Özbəkistan-Azərbaycan münasibətlərinə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin timsalında töhfə verməsi də Özbək xalqı üçün böyük şansdır.
Bu region böyük resurslara və strateji mövqeyə malikdir. Azərbaycan Prezidenti vurğulayıb ki, biz əsrlər boyu bir ailə kimi yaşamışıq və bu ənənəni yenidən canlandırmaq üçün qardaş ölkələrin prezidentləri səylə çalışırlar. Burada böyük iqtisadi potensial və kommunikasiya imkanları var və bunlar xalqlarımızın xeyrinə istifadə edilir.
Özbəkistan artıq sadəcə pambıq ölkəsi deyil, sənaye və nəqliyyat-logistika mərkəzinə çevrilir. Sokar şirkətinin yaxın gələcəkdə burada uğurlar əldə edəcəyi gözlənilir. Bu, Özbəkistanın neft və qaz ölkəsinə çevrilməsini də göstərir. Xəzər dənizi üzərindən türk dövlətləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, bazarların birləşdirilməsi vacibdir. İmzalanan sənədlər bu məqsədləri dəstəkləyir.
Bundan əlavə, mənəvi, sosial və humanitar tərəflər də var. Türk dövlətlərinin liderləri türk mədəniyyətini və ənənələrini canlandırır, mənəvi bağları möhkəmləndirirlər. Azərbaycan və Türkmənistan prezidentlərinin bir-birinə at hədiyyə etməsi, atçılıq federasiyalarının birgə fəaliyyət planları, Qarabağ atları və Türkmən atlarının birgə yarışlarda iştirakı bu əlaqələrin daha da dərinləşməsinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə