Azad olunmuş ərazilərdə turizmin inkişafı üçün hansı addımlar atılmalıdır? - TURİZM EKSPERT DANIŞDI

"İşğaldan azad olunmuş Qarabağ ərazisində üç beynəlxalq hava limanı tikintisi həyata keçirilirdi. Onlardan artıq ikisi hazırdır və 2024-cü ilə qədər Laçında da beynəlxalq hava limanı tikintisində işlərin tamamlanması gözlənilir. Bu, özü də ölkə turizmi üçün müsbət bir şeydir. Beynəlxalq hava limanının olması hava daşıyıcılarının ora gələ bilməsinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, həmin ərazilər sovet dövründə də turistik ərazilər olub: "İstirahət mərkəzləri, təbiəti, ekologiyası və digər resursları ilə turizm üçün yararlı olub.

İndi də turizmin inkişafı üçün işğaldan azad olunduğu vaxtdan bəri bir gün belə həmin ərazilərdə işlər dayanmayıb. İstər Kəlbəcər, istər Laçın, istərsə də Şuşa da mehmanxanaların təməli qoyulub və orada istirahət mərkəzlərinin olması nəzərdə tutulub. İlk növbədə onu qeyd etməliyik ki, 30 illik işğal müddətində Qarabağın əksər bölgələrində infrastruktur tamamilə sıradan çıxarılıb. Hətta bəzi yerlərdə evlərin sadəcə alt hissəsi qalıb. Evlər, yollar dağıdılıb, meşələr məhv edilib. Ciddi şəkildə zərər vurulmağına baxmayaraq Azərbaycan hazırda o ərazilərdə infrastruktur layihələri həyata keçirir. Bütün bu tikililər, "ağıllı kənd" layihələri, yeni evlərin inşası, insanlarımızın ora tədricən köç edilməsi və s. gələcəkdə həmin ərazilərdə qaynar həyatın, gözəl turizm imkanlarının olacağından xəbər verir".

"Düşünürəm ki, işğaldan azad olunmuş bölgələrdə turizmin inkişafı üçün təhlükəsizlik məsələləri tamamilə həll olunmalıdır. Bununla bağlı dayanmadan müəyyən işlər görülür. Bütün bu proseslər gələcəkdə turizmin inkişafını zəruri edəcək. Çünki bunun üçün kifayət qədər ehtiyatlar və ciddi potensial var. Sadəcə bu, biraz zaman tələb edir",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə