Ailəmiz ən güclü dəyərimizdir

Ailəmiz ən güclü dəyərimizdir

İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ailəmiz ən güclü dəyərimiz" adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva müasir dövrdə insanlar arasında ünsiyyətin getdikcə minimum səviyyəyə endiyini və bunun ailə institutu üçün ciddi təhdid yaratdığını bildirib.

"Artıq bir çox hallarda bir sözlə kifayətlənən ünsiyyət forması yaranıb. Bu gün baxırıq, amma görmürük, qulaq asırıq, amma eşitmirik. Eyni dam altında yaşayırıq, lakin bir-birimizi hiss etmir, bir-birimizi anlamaqda çətinlik çəkirik. Bu isə ailə münasibətlərinə mənfi təsir göstərən ciddi problemdir", – deyə Aynur Sofiyeva vurğulayıb.

O bildirib ki, Azərbaycan dövləti ailələrin rifahının yüksəldilməsi və ailə institutunun möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.

"Dövlət tərəfindən ailələrin gücləndirilməsi üçün mühüm layihələr və proqramlar icra olunur. Lakin ailə elə bir institutdur ki, burada təkcə dövlətin deyil, hər bir vətəndaşın və bütövlükdə vətəndaş cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür. İnformasiya texnologiyalarının inkişafı, urbanizasiya, sosial şəbəkələrin təsiri və sürətli informasiya axını ailə münasibətlərində yeni çağırışlar yaradır. Dünyada ailə institutuna təsir edən əsas amillərdən biri fərdiyyətçiliyin və eqosentrizmin güclənməsidir ki, bu da ailə münasibətlərinə təsirsiz ötüşmür və bu istiqamətdə ciddi yanaşmalar tələb edir, "-deyə A. Sofiyeva bildirib.

Panel müzakirələrində çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova bildirib ki, yeni nəslə ailə dəyərlərinin düzgün aşılanması, gənclərin ailə həyatına hazırlanması və sağlam həyat tərzinin təşviqi gələcəkdə daha güclü və dayanıqlı cəmiyyətin formalaşmasına mühüm töhfə verir.

Müzakirələrdə iştirak edən digər natiqlər də uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının vacibliyinə diqqət çəkiblər. Bildirilib ki, sosial şəbəkələrdə edilən paylaşımlar və yazılan fikirlər uzunmüddətli rəqəmsal iz formalaşdırır və onların böyük hissəsi gələcəkdə də əlçatan olaraq qalır.

Çıxışlarda internet mühitində şəxsi məlumatların qorunmasının, məxfilik qaydalarına riayət edilməsinin və uşaqların foto və digər şəxsi məlumatlarının paylaşılması zamanı məsuliyyətli davranışın vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu gün sosial şəbəkələrdə nümayiş etdirilən davranışlar gələcək nəsillərin formalaşmasına da təsir göstərir.

Tədbir çərçivəsində uşaqlar və ailələr üçün rəsm guşəsi, oriqami, faceart, "Ailə mesajı", "Eko-Ailə", stolüstü oyunlar, əl işləri üzrə master-klasslar, "Nağıl dünyası" və digər interaktiv guşələr təşkil olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə