Özbəkistanlı alimlər Azərbaycan Milli Kitabxanasında olublar

Özbəkistanlı alimlər Azərbaycan Milli Kitabxanasında olublar

İyulun 23-də Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunun direktor müavini, Surayyo Kərimova və İnstitutun şöbə müdiri Səliməxon Eşonova Azərbaycan Milli Kitabxanasında olublar.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara qurumun tarixi, fəaliyyəti, zəngin kitab fondu, rəqəmsal informasiya resursları, beynəlxalq əlaqələri və həyata keçirdiyi mühüm layihələr barədə ətraflı məlumat verib.

Kərim Tahirov “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın müxtəlif kitabxanalarından 560-dan çox əlyazmanın orijinal surətinin əldə edildiyini, onlardan 150-nin rəngli nəşr şəklində çap olunduğunu diqqətə çatdırıb. O, həmçinin Məhəmməd Füzulinin orijinal əlyazmasının Milli Kitabxanaya hədiyyə edilməsinin bu istiqamətdə mühüm hadisə olduğunu vurğulayıb.

Görüşdə ortaq türkoloji irsin öyrənilməsi, klassik Şərq ədəbiyyatının tədqiqi, elmi informasiya mübadiləsinin genişləndirilməsi, kitab və nəşrlərin qarşılıqlı mübadiləsi, eləcə də kitabxanalar arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar Milli Kitabxananın zəngin kitab fondu, müasir texnoloji infrastrukturu, oxucular üçün yaradılmış əlverişli informasiya mühiti və beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, gələcəkdə iki qurum arasında əlaqələrin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Səfər çərçivəsində qonaqlar kitabxananın mütaliə zallarını, Beynəlxalq əməkdaşlıq zalını, Nadir kitablar və Kitabxana muzeyi şöbəsini ziyarət edərək burada qorunan zəngin fond, nadir nəşrlər və oxucular üçün yaradılmış müasir informasiya mühiti ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə