"Formula 1 Bakının dünya şəhərləri arasında mövqeyini gücləndirir" - TURİZM EKSPERTİ
"Formula 1 Azərbaycan Qran-prisinin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə tanıdılması, turizm potensialının təşviqi və Azərbaycanın müasir imicinin formalaşdırılması baxımından olduqca əhəmiyyətli layihələrdən biridir. Bu il yarışın Azərbaycanda keçirilməsinin 10 illiyi qeyd olunur. Pandemiya dövründə müəyyən fasilə yaransa da, artıq on ilə yaxındır ki, Bakı bu mötəbər yarışa uğurla ev sahibliyi edir".
Bunu SİA-ya açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, yarışa hələ aylar qalmış biletlərin böyük hissəsi satılır: "Bu isə Formula 1-ə olan yüksək beynəlxalq marağın göstəricisidir.
Belə irimiqyaslı tədbirlər ölkənin qlobal tanıdılmasına ciddi töhfə verir, yüksək gəlirli turistləri cəlb edir və Bakının beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu şəhərlər sırasında mövqeyini daha da gücləndirir. Bununla yanaşı, turizm, hotelçilik, iaşə və xidmət sektorları üçün də böyük iqtisadi imkanlar yaradır.
Yarış günlərində paytaxtdakı otellərin demək olar ki, hamısı tam dolur və yerləşmə qiymətləri də yüksəlir. Bu, hotel sektorunun illik gəlirlərinə əhəmiyyətli təsir göstərir. Eyni zamanda, restoranlar, kafelər, əyləncə mərkəzləri, muzeylər, nəqliyyat xidmətləri və turist bələdçiləri üçün də ən gəlirli dövrlərdən biri məhz Formula 1 həftəsi olur.
Turizm sahəsində "blackout dates" adlandırılan anlayış var. Bu, otellərdə yerlərin demək olar ki, tam dolduğu və qiymətlərin yüksək olduğu tarixləri ifadə edir. Formula 1 günlərində Bakıda məhz belə vəziyyət yaranır. Yarışı izləmək üçün gəlməyən, lakin ölkəmizi ziyarət edən turistlər isə alternativ olaraq regionlara yönləndirilir. Bunun nəticəsində təkcə Bakı deyil, bölgələrdə fəaliyyət göstərən otellər də dolur. Regionlarda restoranlar, istirahət mərkəzləri və digər turizm obyektləri də əlavə gəlir əldə edirlər.
Turizm zəncirvari fəaliyyət göstərən bir sahədir. Turistlərin sayının artması yalnız hotellərə deyil, həm də restoranlara, nəqliyyata, muzeylərə, ticarət obyektlərinə, əyləncə mərkəzlərinə və bir çox digər xidmət sahələrinə müsbət təsir göstərir. Əksinə, regionda münaqişə və ya qeyri-sabitlik olduqda turist axını azalır. Bu isə bütün xidmət sektoruna mənfi təsir göstərir.
Müsbət dəyişikliklərdən biri də Formula 1 yarışlarının tarixinin yay mövsümündən sentyabr ayına keçirilməsi oldu. Əvvəllər yarışlar yay aylarında təşkil edilirdi və bu da adi turistlər üçün Bakıda qiymətlərin kəskin bahalaşmasına səbəb olurdu. İndi isə yay mövsümündə ölkəmiz adi turist axınını normal qiymətlərlə qəbul edir, sentyabr ayında isə Formula 1 üçün gələn turistləri qəbul edir.
Bu yanaşma turizm mövsümünün daha uzun müddət davam etməsinə imkan yaradır. Formula 1 izləyiciləri adətən yüksək büdcəli turistlərdir. Onlar yarış biletlərinə, hotellərə və digər xidmətlərə yüksək məbləğ ödəməyə hazır olurlar. Nəticədə həm paytaxtın, həm də regionların turizm gəlirləri artır, ölkə iqtisadiyyatına əlavə valyuta daxil olur və Azərbaycanın beynəlxalq turizm bazarında nüfuzu daha da möhkəmlənir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB