Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır. SİA xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir:
"Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır".
Məlumatda qeyd olunub ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcək:
:Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir".
Bütün xəbərlər Facebook səhifəmizdə