“Azərbaycan-Şimali Kipr mədəni əlaqələri daim inkişaf edir” - Polad Bülbüloğlu

“Biz, Şamil bəy ilə birlikdə, 90-cı illərin əvvəllərindən etibarən bu prosesin içindəyik. 1993-cü ildə Beynəlxalq Türksoy Təşkilatı yaradıldı və ilk növbədə Şimali Kipr Türk Cümhuriyyətini bu təşkilata qəbul etdik. O dövrdə bu, kifayət qədər çətin siyasi məsələ idi”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri Polad Bülbüloğlu Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı səsləndirib.

Polad Bülbüloğlu bildirib ki, Türksoy çərçivəsində uzun illər ərzində Şimali Kiprdə mühüm mədəni tədbirlər təşkil olunub: “Bu təşkilata dörd dəfə rəhbərlik etmişəm və hər il Kiprdə genişmiqyaslı tədbirlər keçirmişik. Opera festivalları və müxtəlif türk dövlətlərindən sənətçilərin iştirakı ilə maraqlı proqramlar təşkil olunub”.

O qeyd edib ki, Azərbaycan bu prosesdə daim fəal iştirak edib: “Azərbaycan Mədəniyyət Nazirliyi olaraq bir neçə dəfə rəsmi səfərlərlə bu tədbirlərdə iştirak etmişəm. Bəzi ölkələrin narazılığına baxmayaraq, dövlətimiz – ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev – bu siyasəti hər zaman dəstəkləyib və Azərbaycanla Şimali Kipr arasında mədəni və iqtisadi əlaqələrin güclənməsinə şərait yaradıb”.

Polad Bülbüloğlu vurğulayıb ki, bu dostluq münasibətləri gələcəkdə də davam edəcək: “İnanıram ki, bu gün keçirilən üçüncü toplantı kimi, növbəti – beşinci və onuncu görüşlər də baş tutacaq və əməkdaşlığımız daha da möhkəmlənəcək”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə