"Qarşıda görüləcək çox əhəmiyyətli işlər var" - SƏDR DANIŞDI

“Bu gün Yeni Azərbaycan Partiyasında ciddi işlər görülür. Bildiyiniz kimi, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev İli” elan olunub. Bu bizim qarşımızda çox böyük ideoloji vəzifələr qoyub. Biz bütün ərazi partiya təşkilatlarında bu sahədə kütləvi siyasi tədbirlər təşkil edirik”. Bu sözləri SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev deyib.

Onun sözlərinə görə, keçirilən tədbirlər çoxşaxəlidir: “Bu barədə dəyirmi masalar, konfranslar, aksiyalar və s. təşkil edirik. 2023-cü ilin vətəndaşlarımız, xüsusilə də gənclərimiz üçün "Heydər Əliyev - Universiteti ili" olmasını istəyirik.

Eyni zamanda, partiyanın təşkilati və uçot işləri sahəsində böyük işlər həyata keçiririk. Partiyanın yarandığı tarixdən bu günə qədər ilk dəfə olaraq partiya üzvlərinin dəqiqləşdirilməsi həyata keçirilir. Partiya üzvlərinin dəqiqləşdirilməsi dedikdə onların mobil nömrələri, harada işləyib-işləməməsi, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan, şəxsiyyət vəsiqələrinin fin kodu və sairənin öyrənilməsi nəzərdə tutulur. Bu da bizim qarşımızda mühüm vəzifələr qoyur.

Bugünkü gündə partiyamız qaynayır. Xüsusilə, VII Qurultaydan sonra partiyada bir canlanma yarandı. Ümumilikdə qarşıda görüləcək çox əhəmiyyətli işlər var. Ümid edirik ki, hər birinin üstəsindən layiqincə gələcəyik”.

Müəllif: Ləman Əlizadə
YAP

Bütün xəbərlər Facebook səhifəmizdə