Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabının təqdimat mərasimi keçirilib.
SİA-nın məlumatına görə, YAP-dan bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını müvəffəqiyyətlə həyata keçirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin edən güclü Lider kimi adını tarixə qızıl hərflərlə yazdırıb. Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Təqdimatı keçirilən kitabda da məhz bu məqamlardan geniş bəhs olunur.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Azərbaycanın hazırda ən möhtəşəm dövrünü yaşadığını deyib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kitabın redaktoru Əliqismət Bədəlov isə çıxışında qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan müharibənin nəticəsi olaraq əldə olunan şanlı Zəfər, yaranan yeni reallıqlar “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabda oxucuların diqqətinə faktlarla çatdırılır. Kitabda Prezident İlham Əliyev ölkəmizin inkişaf yolunu müəyyən edən, dövlətçilik dayaqlarını möhkəmləndirən qurucu və islahatçı Lider olaraq təqdim olunur.
Tədbirdə, həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı, tədqiqatçı Sayman Aruz, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva, YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abasova, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, Biologiya elmlər doktoru, dosent Tubuxanım Qasımzadə kitabın əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, kitabda Azərbaycanı Zəfərə aparan yol həm siyasi, həm də fəlsəfi baxımdan şərh edilir.
Sonra kitabın müəllifi Zərifə Quliyeva çıxış edərək deyilən xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlardan geniş bəhs edərək vurğulayıb ki, bu nailiyyətlər bizi gələcəyə daha nikbin baxmağa sövq edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu reallığı bir daha təsdiqləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB