Ankarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub
Mayın 20-də Ankarada Türkiyə Jurnalistlər Cəmiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş “İnsan Qəlbi ilə Heydər Baba” (“İnsan Yüreği ile Haydar Baba”) adlı kitabın təqdimat və imza-sessiya mərasimi keçirilib.
SİA xəbər verir ki, tədbir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Tədbiri açan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı jurnalistika peşəsini “müqəddəs” adlandıraraq, kitabın müəllifi professor Aysel Sadak İltaşa Azərbaycanın dahi oğlu barədə dəyərli əsəri üçün təşəkkür edib.
Deputat, həmçinin Azərbaycanın reallıqlarının beynəlxalq aləmə çatdırılmasında mühüm rol oynayan türk media nümayəndələrinin səylərini yüksək qiymətləndirib.
Xalq şairi bildirib ki, Aysel Sadak İltaş kimi jurnalistlər sayəsində dahi Heydər Əliyevin irsi və onun Azərbaycan dövlətçiliyinin xilası və quruculuğundakı rolu Türkiyə oxucusuna geniş şəkildə çatdırılır. “Ölkələrimiz arasında yeni bir körpü olan bu əsərin təqdimatında iştirak etmək mənim üçün qürur və sevinc mənbəyidir”, – deyə S.Rüstəmxanlı vurğulayıb.
Daha sonra çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev haqqında xatirələrini bölüşüb.
O qeyd edib ki, Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” ifadəsi illər keçsə də iki qardaş ölkə arasındakı münasibətləri ən dəqiq şəkildə ifadə edir. “Onun SSRİ-nin 12 nəfərlik Siyasi Bürosuna seçilməsi şəxsiyyətinin nə qədər böyük olduğunun göstəricisidir. O, Türk dünyasının əsl ağsaqqalı, müdrik siyasətçisi idi. Ondan çox şey öyrənmək mümkün idi”, – deyə H.Çətin bildirib.
Keçmiş nazir vurğulayıb ki, Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu əvəzolunmazdır. “Mənə bu böyük insanla saatlarla söhbət etmək nəsib olub. Onun Azərbaycanın inkişafındakı rolu əvəzolunmazdır”, – deyə Çətin qeyd edib.
Türkiyənin ATA partiyasının baş katibi Namik Kamal Zeybek isə öz növbəsində deyib ki, Türk dünyasında birliyin və koordinasiyanın əsasını məhz Ümummilli Lider Heydər Əliyev qoyub.
Siyasətçi vurğulayıb ki, bu uzaqgörən siyasətçi ilə dəfələrlə görüşüb və onun fikirlərinə keçmiş SSRİ hüdudlarından kənarda da böyük dəyər verilirdi. “Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onun bircə bəyanatı ölkənin qarşısında duran təhlükə və çağırışların həllinə kifayət edirdi”, – deyə N.K.Zeybek bildirib.
İYİ partiyasının deputatı Ayüce Türkeş isə çıxışında müasir dövrün çağırışları fonunda Heydər Əliyevin irsinin və vəsiyyətlərinin əhəmiyyətinin daha aydın dərk edildiyini qeyd edib. “Heydər Əliyev bu gün Türkiyə–Azərbaycan münasibətlərinin əsasını qoyan şəxsiyyətdir. O, Türk dünyasının birliyinin vacibliyini illər öncə görmüşdü”, – deyə A.Türkeş vurğulayıb.
Tədbirin sonunda kitabın müəllifi, Türkiyə jurnalistikasının veteranı, professor Aysel Sadak İltaş çıxış edib.
O, böyük siyasətçinin dostlarının və tanışlarının xatirələri vasitəsilə Heydər Əliyevin şəxsiyyətini oxuculara çatdırmağa çalışdığını deyib. “Kitab üzərində işləyərkən yüzlərlə insanla görüşdüm. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, hər kəsin qəlbinə toxunmağı bacarırdı”, – deyə professor bildirib. O qeyd edib ki, onun ailəsi vaxtilə Şərqi Anadoluya Azərbaycandan köçüb.
Aysel İltaş vurğulayıb ki, Heydər Əliyev jurnalistlərə böyük dəyər verir, onların işini yüksək qiymətləndirirdi. “Heydər Əliyev haqqında yazılması vacib olan bir şəxsiyyətdir”, – deyə o çıxışını tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə