Qazaxda silsilə tədbirlər davam edir - FOTOLAR

24 fevral 2023-cü il tarixdə Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, İcra Aparatının məsul işçiləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranları və gənc könüllülər iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Qazaxdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və soyqırım qurbanlarının ruhuna dualar oxunub, abidə kompleksinin və Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açıq elan edib. Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həyatlarını itirmiş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək 2023-cü ilin “Heydər Əliyev ili” elan olunduğunu, bu məqsədlə xüsusi tədbirlər planının hazırlandığını, təqvim planına uyğun olaraq ilboyu silsilə tədbirlərin keçiriləcəyini bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu qeyd etdi. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi - siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolundan, bu yönümdə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən atılan addımlardan, Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalardan və kampaniyalardan geniş danışıb.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda geniş məruzə ilə çıxış edib. Rayon təşkilatının sədri bildirib ki, xoşbəxtliyimiz ondadır ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə bütün şəhidlərimizin, faciə, soyqırım, qətliam qurbanlarının qisası artıqlaması ilə alındı, onların qanı yerdə qalmadı.

Tədbirdə BDU Qazax filialının direktor müavini Məmməd Yusifov, Qarapapaq kənd ərazi partiya təşkilatının sədri Şəhla Bayramova, Partiya veteranı Fərhad Qocamanov ətraflı çıxış ediblər.

Sonda Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Xocalı soyqırımına həsr olunmuş ədəbi - bədii kompazisiya ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə