Anlaşma memorandumu imzalanıb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru professor Gao Qanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA-dan SİA-ya bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu, dövlətimizin başçısının rəsmi Pekinlə əlaqələrə xüsusi önəm verdiyini söyləyib. Azərbaycanın Çinin beynəlxalq əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini deyən akademik İsa Həbibbəyli Zəngəzur dəhlizinin açılmasının bu layihənin həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Son illərdə ölkələrimiz arasında elmi əlaqələrin də inkişaf etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, Mərkəzin əməkdaşı Nərgiz Kərimova tərəfindən ölkəmizdə ilk dəfə olaraq Çin-Azərbaycan ədəbi əlaqələrinə həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyasının müdafiə edildiyini söyləyib. Bundan əlavə, Mərkəzdə Çin dilinin tədris olunduğunu, bir sıra əməkdaşların Çində dil üzrə ixtisasartırma kurslarında iştirak etdiklərini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli universitetdə Azərbaycan dili kafedrasının fəaliyyət göstərməsinin Çinin Azərbaycana verdiyi dəyərin ifadəsi olduğunu söyləyib. Çinə səfəri zamanı Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrə ustad dərsi keçdiyini xatırladan akademik İsa Həbibbəyli kafedranın kitabxanasına Heydər Əliyev Fondu və AMEA tərəfindən bir çox dəyərli nəşrlərin bağışlandığını bildirib. Akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasının tədris olunmasının təşəbbüskarı filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyevin xüsusi xidmətlərinə də toxunub.

AMEA rəhbəri hazırda Bakıda təkmilləşdirmə kursları keçən çinli tələbələri alimlərimizdən ustad dərsləri almaq üçün Akademiyaya dəvət edib. Akademik İsa Həbibbəyli gələcəkdə birgə əməkdaşlıq nəticəsində Azərbaycan və Çin ədəbiyyatlarına dair sanballı əsərlərin, eləcə də tərcümə işlərinin ortaya qoyulacağını söyləyib.

Sonra çıxış edən Pekin Xarici Dillər Universitetinin prorektoru professor Gao Qanq ölkəmizə ilk dəfə səfər etdiyini bildirib. Professor Gao Qanq Azərbaycanda Çinə olan maraqdan heyrətləndiyini vurğulayıb. 2017-ci ildən etibarən universitetdə Azərbaycan dilinin tədris olunduğunu deyən alim ilk məzunların artıq peşəkar mütəxəssis kimi formalaşdıqlarını, onlardan iki məzunun PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi çalışdıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, onlar azərbaycanşünaslar kimi formalaşır və ölkələrimiz arasında gələcəkdə elmi əlaqələrin genişlənməsində körpü rolunu oynayacaqlar.

Kafedranın ikinci qəbulunun tələbələrinin Bakıda təkmilləşdirmə kursları keçdiyini deyən professor Gao Qanq çinli gənclərin Azərbaycan dilinə dərindən yiyələndiklərini, ölkələrimizin ədəbiyyatına dair hazırda boşluq müşahidə edilən ədəbi tərcümə prosesinə öz töhfələrini verəcəklərini vurğulayıb.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və professor Gao Qanq imzalayıblar.

Qonaqlar, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Mərkəzi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə